...

"Azərkosmos" müsabiqənin nəticələrini açıqladı

Telekommunikasiya Materials 15 Dekabr 2016 16:09 (UTC +04:00)
"Azərkosmos" ASC "Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi" müsabiqəsinin nəticələrini elan edib.
"Azərkosmos" müsabiqənin nəticələrini açıqladı

Bakı. Trend:

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC "Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi" müsabiqəsinin nəticələrini elan edib.

Trend-in məlumatına görə, müsabiqənin keçirilməsində əsas məqsəd "Azersky" peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan vermək olub.

Müsabqiə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumiilikdə 12 layihə təqdim edilib.

Müsabiqəyə təqdim edilən layihələr: ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması; Yer səthinin məsafədən müşahidəsi sahəsində yeni təşəbbüs olması və innovativlik meyarlarına əsasən qiymətləndirilib. Qaliblərin adları bu gün “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində keçirilən, müsabiqənin yekunlarına həsr olunmuş seminar zamanı açıqlanıb. Təqdim olunan təkliflərdən qiymətləndirmənin bütün meyarlarına tam cavab verən təkliflər qalib seçilib. Bununla yanaşı, müsabiqənin qalibi olmayan, lakin maraq doğuran bir sıra digər layihələr də həvəsləndirici yerlərlə təltif ediliblər. İştirakçıların sorğusuna əsasən "Azersky" peyki vasitəsilə əldə olunan təsvirlər tədbir zamanı qaliblərə və həvəsləndirici yerlərin sahiblərinə təmənnasız təqdim olunub. Qeyd edək ki, müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti altı ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək və daha sonra əldə olunmuş elmi nəticələr ictimaiyyətə açıqlanacaq.

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti