...

Bu gündən respublika ərazisində tam olaraq rəqəmli televiziya yayımına keçildi

Telekommunikasiya Materials 20 Dekabr 2016 17:43 (UTC +04:00)
Bu gündən etibarən bütün respublika ərazisində tam olaraq rəqəmli telviziya yayımına keçilib və analoq yayım dayandırılıb.
Bu gündən respublika ərazisində tam olaraq rəqəmli televiziya yayımına keçildi

Bakı. Trend:

Bu gündən etibarən bütün respublika ərazisində tam olaraq rəqəmli telviziya yayımına keçilib və analoq yayım dayandırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır.

Rəqəmli yayıma keçidin bir üstünlüyü də ondan ibarətdir ki, hər bir bölgədə bütün televiziyaların yayımı vahid stansiyadan həyata keçirilir. Yəni əhali quraşdırdığı antenaları bir istiqamətə yönəltməklə, açıq paketlə yayımlanan bütün kanalları rahat izləyə bilər.

Bununla da, ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq öhdəliyini yerinə yetirmiş olub.

Qeyd edək ki, Azərbaycan MDB-də tam olaraq rəqəmli yayıma keçən ikinci ölkədir.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən, Bakı və Abşeron yarımadasında isə bu il noyabrın 1-dən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1411 nömrəli “Qaynar xətt”nə zəng etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti