...

Müəllif Hüquqları Agentliyi və "Microsoft" əməkdaşlıq imkanlarını müzakirə edib

Telekommunikasiya Materials 5 İyul 2017 14:47 (UTC +04:00)
Azərbaycan Müəllif Hüquqları Agentliyi və “Microsoft” şirkəti əməkdaşlıq planını müzakirə ediblər.
Müəllif Hüquqları Agentliyi və "Microsoft" əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı. Trend:

Azərbaycan Müəllif Hüquqları Agentliyi və “Microsoft” şirkəti əməkdaşlıq planını müzakirə ediblər.

Trend Agentliyə istinadən xəbər verir ki, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Microsoft Azərbaycan” şirkətinin nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətində “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə Proqram təminatı aktivlərin idarə olunması və uyğunluq departamentinin rəhbəri Loran Sinyore (Laurent Signoret), “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov, “Microsoft” şirkətinin MDB üzrə baş hüquqşünası Maqdalena Popeski, “Microsoft” şirkətinin MDB üzrə Proqram təminatı aktivlərin idarə olunması və uyğunluq departamentinin rəhbəri Natalya Matassova, “Microsoft Azerbaycan” şirkətinin təhsil proqramlarının rəhbəri Emin Axundov və digər qonaqlar olublar.

Görüşdə Müəllif Hüquqları Agentliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Natiq İsayev, Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli, Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdirinin müavini Söhrab Nurməmmədov, Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin hüquq və qeydiyyat sektorunun müdiri İqbal Əsgərov da iştirak ediblər.

Görüşdə Müəllif Hüquqları Agentliyi və “Microsoft Azərbaycan” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib. K.İmanov son illər Azərbaycan hökumətinin piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə çərçivəsində həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlər barədə məlumat verərək, o cümlədən “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul edildiyini, əqli mülkiyyət məhsulları bazarının daim monitorinq altında olduğunu, əqli mülkiyyət məhsulları bazarına çıxarılan malların qanunauyğunluğunu təsdiqləyən nəzarət markalarının tətbiqinə başlandığını, dövlət qurumlarında tam lisenziyalı proqram təminatına keçidin təmin edildiyini və digər antipirat tədbirlərin həyata keçirildiyini və bütün bunların nəticəsində ölkəmizdə piratçılığın səviyyəsinin müxtəlif seqmentlər üzrə xeyli aşağı düşdüyünü nəzərə çatdırıb.

Müəllif Hüquqları Agentliyi ilə “Microsoft Azərbaycan” şirkəti arasında uzun illər faydalı əməkdaşlığa toxunan sədr şirkət tərəfindən qaldırılan bir sıra problemli məsələlərin həllində kömək göstərildiyini və bu əməkdaşlığın uğurlu nəticələr verdiyini qeyd edərək, əlaqələrin daha da gücləndirilməsinə ehtiyac yarandığını vurğulayıb.

K.İmanov bəzi beynəlxalq təşkilatların, xüsusən də BSA-nın Azərbaycanda kompyuter təminatı sahəsində piratçılığın səviyyəsinin 84% olması barədə açıqladığı rəqəmin həqiqəti əks etdirmədiyini, əslində isə bu sahədə piratçılığın səviyyəsinin təxminən 75% ətrafında olduğunu təsdiq edən dəlillər gətirərək, gələcəkdə belə hesabatlar hazırlanarkən bu sahədə fəaliyyət göstərən qurumların verdikləri məlumatların əsas götürülməsini vacib hesab edib.

“Microsoft”un Mərkəzi və Şərqi Avropa üzrə Proqram təminatı aktivlərin idarə olunması və uyğunluq departamentinin rəhbəri Loran Sinyore (Laurent Signoret) Azərbaycanda gördüklərindən məmnun qaldığını və ilk tanışlıqdan Bakının gözəlliyinə və Azərbaycanın zəngin mədəniyyətinə heyran olduğunu xüsusi vurğulayaraq, Azərbaycanın müvafiq qurumları ilə ikitərəfli əməkdaşlığın böyük potensiala malik olduğunu qeyd edib və kibercinayətlərə qarşı birgə mübarizənin faydaları haqqında danışıb.

L.Sinyore məsələ ilə bağlı söylənən iradları qəbul etdiyini, bununla bağlı BSA-nın sifarişi əsasında bu hesabatı hazırlayan İDC şirkəti ilə əlaqələrin genişləndirilməsinin və onların Azərbaycandakı real vəziyyət barədə daha yaxından məlumatlandırılmasının vacibliyini diqqətə çatdırıb. Eyni zamanda, özü də Azərbaycandakı real vəziyyət və burada həyata keçirilən və müsbət nəticələr verən tədbirlər barədə lazımi strukturlara məlumat verəcəyini söyləyib.

Görüşdə həmçinin, Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunmasının hazırkı vəziyyəti və əməkdaşlığa dair gələcək plan müzakirə edilib. Bu plana “Müəllif hüquqlarının pozulması halları ilə mübarizə aparan dövlət orqanlarının əməkdaşları üçün seminarlar”, ”Lisenziyalı proqram təminatının istifadəsi”nə dair müvafiq orqanların məlumatlandırılması, “Lisenziyasız proqram təminatlarının toplanması və aradan qaldırılması üzrə işçi qrupununun formalaşdırılması və fəaliyyət planının hazırlanması” kimi fəaliyyət növləri daxildir.

Sonra L.Sinyore əqli mülkiyyət və dünya iqtisadiyyatı üzrə xüsusi məruzə ilə çıxış edib. O, bildirib ki, əqli mülkiyyət hüquqlarının ciddi şəkildə qorunmasının iqtisadi artıma və inkişafa səbəb olmasına dair bir çox nümunələr var. Azərbaycanda əqli mülkiyyət landşaftının hərtərəfli qiymətləndirilməsi üçün müxtəlif maraqlı tərəflərin prizmasından yanaşaraq, müvafiq qaydaları və fəaliyyət növlərini müəyyənləşdirmək lazımdır. Əqli mülkiyyətlə bağlı problemləri öyrənmək həm də Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərin və beynəlxalq təşkilatların maraqlarını qorumaq üçün olduqca önəmli məsələlərdən biridir.

Qlobal Rəqabətədavamlılıq İndeksininin 2016-2017-ci illər üzrə hesabatına əsasən, Azərbaycan 138 ölkə arasında 37-ci yeri tutur. Əqli mülkiyyətin müdafiəsi ümumi reytinqə təsir edən meyarlardan biridir. Sonuncu hesabatda Azərbaycan 68-70-ci yerlərə layiq görülüb. Proqram təminatları üçün əqli mülkiyyət hüququ daim innovasiyalarla bağlıdır ki, bu da Qlobal Rəqabətədavamlılıq İndeksi hesabatının əsaslarından biri hesab olunur. İnnovasiyalar iqtisadiyyatın inkişafı üçün xüsusi önəm daşıyır, belə ki, onlar bilik və elmlə həmsərhəddirlər. Bu inşikaf həm dövlət, həm də özəl sektorlar tərəfindən dəstəklənən innovativ fəaliyyət üçün əlverişli mühitin olmasını tələb edir. Ən son texnologiyaların hüquq sahiblərinin əqli mülkiyyət hüquqlarına uyğun geniş istifadəsi ölkədə İT sahəsinin, habelə milli iqtisadiyyat çərçivəsində vergi yığımını artırmağa imkan verəcək.

BSA-nın “Lisenziyasız proqram təminatı və kibertəhlükəsizlik təhdidləri” mövzusunda apardığı araşdırmanın nəticələrinə əsasən, zərərli proqramlar saxta proqram təminatlarının quraşdırılması ilə bağlı ola bilər. Digər tərəfdən də zərərli proqramlar kibercinayətlər üçün gəlir mənbəyinə çevrilə bilər. Qeyri-orijinal proqram təminatları öz növbəsində zərərçəkənləri daha ağır risklərə gətirib çıxara bilər ki, bunların da sırasında casus və zərərli proqramların və virusların adı çəkilir. Sözügedən risklər maliyyə fırıldaqçılıqlarına, şəxsi məlumatların oğurluğuna, məlumatların və ya onların məxfiliyinin itirilməsinə və sistemin pozulması ilə nəticələnə bilər. Kibercinayətin şirkətə vurduğu maaliyyə itkiləri ilə yanaşı həm də şirkətin nüfuzunun azalmasına və müştəri imanının itirilməsinə səbəb ola bilər. Bu halda hökumətlərin, şirkətlərin və son istifadəçilərin birgə əməkdaşlığı heç bir şübhə doğurmur: öz şəbəkələrində lisenziyasız proqram təminatlarının istifadəsini köklü şəkildə aradan qaldırmaqla kibertəhlükəsizlik risklərinin qarşısını almış olurlar.

“Şirkətin şəbəkəsində hansı proqram təminatından istifadə olunması ilə bağlı dəqiq məlumatın olması çox vacibdir”, - deyə L.Sinyore bildirib. 2016-cı ilin may ayında açıqlanmış BSA qlobal proqram təminatı sorğusuna əsasən, hətta rəqəmsal mühitin ciddi nəzarətda saxlanılması gözlənilən vacib sənaye sahələrində də lisenziyasız proqram təminatlarının istifadəsi təəccüblü də olsa, geniş yayılıb.

Eyni zamanda, BSA-nın sorğusu onu göstərib ki, proqram təminatının müvafiq idarəetməsi real qənaətlə nəticələnə bilər – istifadə olunmayan proqram təminatının gizlədilməsi və ya lisenziya alınması ilə bağlı olan effekt verməyən həllərin müsadirəsi vasitəsilə 25% qənaət etmək olar. Proqram təminatlarının düzgün idarəetməsi ilə bağlı əldə olunan potensial mənfəət səmərəlilik baxımından çox vacib alətə çevrilməsi mümkündür. Ağır itkilər riskinin azaldılması və ciddi qənaət perspektivi şirkətlərə biznes əməliyyatlarında müsbət dəyişikliklərə səbəb olacaq addımları atmağa geniş imkanlar yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti