Bakı. Trend:
Son 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatdı, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edildi.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat günündə deyib.
O bildirib ki, bu layihə internet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji addımlardan biri oldu: "Yüksəksürətli internetin yayılması Azərbaycanda texnoparkların fəaliyyət imkanlarını texniki cəhətdən genişləndirib. Belə ki, 2025-ci ilin yanvar–avqust ayları ərzində 2-si xarici olmaqla, ümumilikdə 26 hüquqi şəxsə texnopark rezidentliyi statusu verilmişdir. Bundan əlavə, 2023-cü ildə “Texnologiyalar Parkı haqqında nümunəvi Əsasnamə”yə edilmiş dəyişikliklərdən sonra 8-i xarici olmaqla, ümumilikdə 144 hüquqi şəxsə texnoparkdan kənar fəaliyyət üçün rezidentlik statusu təqdim olunub.
Onu da qeyd edim ki, texnoparkdan kənar fəaliyyət göstərmək üçün
rezidentlik əldə etmiş hüquqi şəxslərin bizneslərinin inkişafına
dəstək vermək məqsədilə onlardan müvafiq statistik məlumatlar
toplanmış və həmin məlumatlara əsaslanaraq dəstək mexanizminin
növbəti mərhələləri planlaşdırılmışdır. Bu çərçivədə sözügedən
şirkətlərin böyüməsinə və ixrac potensialının artırılmasına töhfə
verəcək layihələrin həyata keçirilməsi nəzərdə tutulur".
Nazir müavini qeyd edib ki, son illərdə ölkənin innovasiya
ekosistemində geniş miqyaslı işlər görülüb: "İRİA-nın dəstəyi ilə
son 3 ildə müxtəlif inkubasiya və akselerasiya proqramları,
hakatonlar və ideatonlar təşkil edilib, bu çərçivədə 600-dən çox
startap dəstəklənib və onların əhəmiyyətli bir hissəsi – 275-dən
çoxu – öz ideyalarını minimum işlək məhsul mərhələsinə qədər
inkişaf etdiriblər. Bu prosesdə regionlarımız, universitetlər, həm
yerli, həm də xarici tərəfdaşlar fəal iştirak edib, nəticədə
startaplarımız elektron ticarət, səhiyyə texnologiyaları, təhsil
texnologiyaları, aqrotexnologiya, maliyyə texnologiyaları, ekoloji
təmiz texnologiyalar, əşyaların interneti, böyük verilənlərin emalı
və oyun sənayesi kimi çoxşaxəli sahələri əhatə etməyi bacarıblar.
Bununla yanaşı, Azərbaycanda vençur kapital mexanizmlərinin
inkişafı da mühüm mərhələyə qədəm qoyub. Son illərdə yaradılmış
müxtəlif fondlar vasitəsilə ümumilikdə 15 milyon ABŞ dollarından
çox kapital formalaşdırılıb, bu fondlar artıq 2,2 milyon ABŞ
dollarından çox sərmayəni regionda fəaliyyət göstərən startaplara
yönəldiblər".