...

Azərbaycan və İran rəqəmsal sahədə əməkdaşlıq haqda Memorandum imzalamağı planlaşdırır - Nazir (ÖZƏL)

Telekommunikasiya Materials 17 Noyabr 2025 11:20 (UTC +04:00)
Azərbaycan və İran rəqəmsal sahədə əməkdaşlıq haqda Memorandum imzalamağı planlaşdırır - Nazir (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İran rəqəmsal sahədə əməkdaşlıq haqda memorandum imzalamağı planlaşdırır.

Bunu Trend-ə bu gün Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (“WTDC-25”) çərçivəsində İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Seyid Səttar Haşimi müsahibəsində bildirib.

“Yaxın zamanda rəsmi əməkdaşlığın rəsmiləşdirilməsi istiqamətində addımlar atılacaq: nazir Rəşad Nəbiyev bizimlə iki ölkə arasında rəqəmsal sahədə əməkdaşlığın genişləndirilməsi, memorandumun imzalanması və sıx qarşılıqlı fəaliyyət üçün birgə işçi qrupunun yaradılması məsələlərini müzakirə edir. Bu istiqamətdə addımları davam etdiririk”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, son illərdə Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi nailiyyətlər xüsusilə nəzərəçarpandır.

Onun sözlərinə görə, müxtəlif dövrlərdə Bakıda formalaşmış İKT ekosistemi, həmçinin Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (ITU) müxtəlif sektorlarda həyata keçirdiyi işlər region üçün mühüm əhəmiyyət daşıyır.

O vurğulayıb ki, rəqəmsal sahədə görülən işlərin müzakirəsi üçün ITU nümayəndə heyətlərinin Bakıda bir araya gəlməsi Azərbaycanın bu istiqamətdə əldə etdiyi ciddi tərəqqinin göstəricisidir.

“Azərbaycanın inkişaf tempi çox yüksəkdir və biz inanırıq ki, bu, insanlar üçün çox müsbət perspektivlər açır. Azərbaycan bizə dost ölkədir. Mədəni yaxınlıq, ortaq dəyərlər əməkdaşlığımızı daha da möhkəmləndirir”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan və İran arasında bir sıra birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur:

“Layihələrdən biri bilik və təcrübə mübadiləsini, digəri isə sərhəd zonasındakı tezliklərin uyğunlaşdırılması və maneələrin aradan qaldırılması istiqamətində əməkdaşlığı əhatə edir. Sərhəd bölgəsində mobil operatorlar arasında tezlik maneələri problemi uzun illər mövcud olub və tərəflər hazırda onun konstruktiv həllinə doğru irəliləyirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti