Azərbaycan avqustun 21-23-də Odessada keçiriləcək "Sərhədsiz telekommunikasiya" III Beynəlxalq simpoziumda iştirak edəcək. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən xəbərə görə, tədbirdə Aztelekom İstehsalat Birliyinin baş direktor müavini Mehman Həsənovun iştirak edəcəyi gözlənilir. Simpozium Ukraynanın rabitə və informatizasiya məsələləri üzrə dövlət departamenti və A.S.Popov adına Odessa milli rabitə akademiyası tərəfindən keçirilir.
Simpoziumun tematikası aşağıdakı kimidir: 1. Telekommunikasiya şəbəkələri (gələcək nəsil şəbəkələrinin (NGN) və onların dəstəklənməsi texnologiyalarının qurulması, LAN, MAN, WAN qurulması və istismarının nəzəri və praktiki aspektləri, informasiya təhlükəsizliyinin təminat metodları); 2. Telekommunikasiya vasitələri və sistemləri (Telekommunikasiya vasitələrinin inkişafı, lif-optik xətlər və ötürmə sistemləri, radioçıxışın simsiz sistemləri (Wi-Fi, WiMAX), mobil, radiorele və sputnik rabitəsi); 3. e-məkanda informasiya texnologiyaları (e-hökümət, e-biznes, e-tibb və e-təhsilin yaradılması və dəstəyi üçün İnternet-texnologiyalar, infokommunikasiya əlavə və xidmətlərin inkişafı və yaradılması problemləri, e-əlavələrin marketinqi və reklamı); 4. İdarəetmə və tənzimlənmə (rəqabətin inkişafı üzrə dövlət siyasəti, lisenziyalaşma, monitorinq və operatorların iş keyfiyyətinin idarə olunması, biznes-proseslər və şirkətlərin idarəetmə modelləri, layihələrin idarə olunması və strateji menecment, kadr siyasəti və heyətlə iş).
Tədbirin daimi iştirakçıları arasında Azərbaycanla yanaşı, Avstriya, Ermənistan, Belarus, Böyük Britaniya, Macarıstan, Almaniya, Gürcüstan, Moldova, Norveç, Polşa, Rusiya, Rumıniya, Slovakiya, Tacikistan, Türkiyə, Çexiya və b. ölkələrin nümayəndələri də var.