Azərbaycan poçtu Azerpocht dövlət müəssisəsi qismində 2007-ci ilin sonunadək Dünya Bankı ilə birgə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində maliyyə xidmətləri göstərməyə başlayacaq. Bu barədə Trend ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
İlk növbədə, müəssisənin yeni xidmətlərindən Bakı, Sumqayıt və Abşeron yarımadasının sakinləri, daha sonra region əhalisi istifadə edə bilər. "Pilot layihəsi çərçivəsində respublikanın mərkəzi şəhərlərində, daha sonra regionların poçt şöbələri həmin xidmətləri göstərməyə başlayacaq. Bu olduqca geniş layihədir və bizim üçün bu xidmətlərdən həm şəhər, həm də kənd əhalisinin eyni hüquqla istifadə etməsi çox vacibdir", deyə nazirlikdən bildirilib. Bunun üçün böyük kəndlərdə bankomatlar, kiçik kəndlərdə POS-terminallar quraşdırılacaq.
Nazirlikdən məlumat verilib ki, ilk mərhələdə kreditlərin verilməsi məsələsindən söhbət gedə bilməz.
Maliyyə xidmətlərinin tətbiqi üçün Azerpocht Azərbaycan Milli Bankının müvafiq lisenziyasını əldə etməli və daha sonra bu xidmətləri göstərən yerli banklarla müqavilə imzalamalıdır.
Laiyhə 2005-2008-ci illər üçün Azərbaycan rabitə və telekommunikasiya sisteminin inkişafı üzrə dövlət proqramı çərçivəsində həyata keçirilir. Üç illik layihənin ümumi dəyəri 17,5 milyon dollar təşkil edir. 12,25 milyon dollar kredit DB-nin payına düşür, qalan hissə Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir.