...

Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ

Turizm Materials 23 Oktyabr 2021 17:48 (UTC +04:00)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ

Naxçıvan. Çingiz Səfərli - Trend:

Mustafa Kamal Atatürkün "Türkün qapısı" adlandırdığı qədim Nuh Yurduna - Naxçıvana doğru yola çıxdıq. Naxçıvan quru, mülayim havası və aydın səması ilə bizi qarşıladı. Qızıl payız burada daha yaxşı hiss olunurdu.

Şəhərin mərəzinə, iki gün müddətində qalacağımız Saat Meydanı mehmanxanasına doğru yollandıq. Yol boyu yarpaqlarını payıza təslim etmiş ağaclar, uzaqdan boylanan günəş və çılpaq dağlar bizi müşayiət edirdi.

Heydər Əliyev Muzeyi

Müddət az, görməli yerlər isə çox olduğundan otelə yerləşdikdən sonra vaxt itirmədən şəhərin mərkəzində yerləşən Heydər Əliyev Muzeyini ziyarət etdik.

Ümummilli liderin fəaliyyətinin bir hissəsi də Naxçıvanla bağlıdır. Məhz onun təşəbbüsü ilə 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırılıb və milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edilib. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılıb. Bu mənada ulu öndərin müstəqilliyin bərpasından sonrakı siyasi fəaliyyətlərində Naxçıvan Muxtar Respublikası xüsusi yerə malikdir.

Muzeydə ümummilli liderin həyat yolu barədə geniş məlumat verildi, şəxsi əşyalarından ibarət eksponatlarla tanış olduq. Burada ümummilli liderin geyimi, danışdığı telefon, ailə rəsmləri, siyasi xadimlərlə görüşü zamanı çəkilən fotolar, onun adına hazırlanan saat və s. görmək olar.

Bayraq meydanı və Bayraq muzeyi

Daha sonra Bayraq meydanı və bayraq muzeyi ilə tanış olduq. Burada Naxçıvanın qədim dövrlərdən başlayaraq mövcud olan bayraqları haqqında təfərrüatlı məlumat almaq mümkündür. Muzeyin yerləşdiyi bayraq meydanından şəhərin ecazkar gözəlliyini seyr etmək isə insana bir başqa zövq verir.

Tarixi-mədəni turizm həvəskarları üçün Naxçıvan sözün əsl mənasında muzey-abidədir. 1500 illik tarixi olan şəhərdə "Xan sarayı" Dövlət Tarix-Memarlıq Kompleksi, Naxçıvanqala kompleksi, Xalçaçılıq muzeyi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, Yusif Küseyr türbəsi, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü abidəsi, Xalça muzeyi və daha bir neçə tarixi-mədəni destinasiya tarixi biliklərinizi artırmağa kömək edə bilər.

Maddi-mədəni irsin qorunub-saxlanması Muxtar Respublikanın daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu mənada, Naxçıvanı müasirliklə qədimliyin vəhdəti hesab etmək olar. Bir tərəfdən modern binlar tikilir, digər tərəfdən şəhərin qədimliyi, özünəxas memarlığı qorunub-saxlanılır.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin sədr müavini Qafar Cəlilsoyla bu haqda geniş söhbətimiz oldu və o, son illərdə turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı: “Turizm sektoru müasir dövrün ən çox diqqətçəkən iqtisadi-sosial sahələrindəndir. Çoxşaxəli inkişaf istiqamətlərinə malik olan turizm sektoru həm müxtəlif xalqlar, millətlər arasında qarşılıqlı münasibətlərin formalaşmasına, həm də insanların daimi və mövsümi fəaliyyətlərinin təmin edilməsinə, digər tərəfdən iqtisadi inkişafa təkan verir. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər ildən-ilə artmaqdadır və bu kompleks işlərin nəticəsidir ki, bura gələn turistlərin sayı da hər il artır. Naxçıvan Muxtar Respublikasının yerləşdiyi coğrafi mövqe, faydası danılmayan müalicə ocaqları, mineral suları, adət-ənənələri, milli mətbəxi və hər biri bir tarix olan mədəni abidələri yerli və xarici turistlərin bura olan marağını önə çıxaran faktorlar kimi səciyyələndirilə bilər. Bu imkanlardan daha geniş yararlanmaq üçün Naxçıvan MR-da görülən irimiqyaslı infrastruktur layihələri də turizm fəaliyyətinin gələcək inkişafına imkan yaradır. Naxçıvan Muxtar Respublikasında turizm potensialından istifadənin davamlılığını təmin etmək üçün Ali Məclisin sədrinin 31 yanvar 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turzimin inkişafına dair dövlət proqramı"nın icrası da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Onu qeyd etmək istəyirəm ki, bu gün Naxçıvanda turizmin iqtisadiyyatın ən önəmli sahələrindən birinə çevrilməsi qarşımızda duran prioritet vəzifələrdən biridir. Mediaturun da təşkil olunmasında əsas məqsədimiz Naxçıvanın turizm potensialını tanıtmaq, təbliğ etmək, bunu sizin vasitənizlə həm yerli, həm də dünya ictimaiyyətinə çatdırmaqdır. Muxtar Respublikada turizm çoxşaxəlidir: sağlamlıq turizmi, tarix-mədəni, ekoturizm, kənd turizmi, inanc turizmi və s. var. Bu gün kənd turizminin inkişafı istiqamətində də işlər görülür, kənd evləri layihələri həyata keçirilir. İnsanlar öz evlərini gələn qonaqlara kirayə verirlər ki, bu yolla bir tərəfdən də kəndlərimizdə məşğulluğun əhatəsi genişləndirilir”.

Naxçıvanın turizmindən danışarkən zəngin mətbəxindən, ləziz təamlarından söz açmamaq qəbahət olar. İstər qiymət, istərsə də çeşidlərin bolluğuna görə Naxçıvan mətbəxi xüsusilə seçilir. Qonaqpərvərlik və xidmət ən yüksək səviyyədədir. Bura səfər etsəniz, az büdcə ilə ləziz təamlardan doyunca dada bilərsiniz.

Əlincə qalası

Nahar etdikdən sonra Culfa rayonu ərazisində yerləşən Əlincə qalasına yola düşdük. Əmir Teymurun 14 il ərzində ələ keçirə bilmədiyi qala bu gün də öz sirrini qoruyur. Rəvayətə görə, qaladan kəndə yeraltı yol olub. Çünki bu qədər müddətdə oranı ərzaqla təmin etmək başqa cür mümkün ola bilməzdi. Lakin arxeoloji tədqiqatlar aparılsa da, həmin yol tapılmayıb. Əlincə dağın zirvəsində yerləşən qaladan Naxçıvanın simvolu hesab olunan İlanlı dağ (İnan ki, dağ) da aydın görünür. Əfsanəyə görə, Nuhun gəmisinin toxunduğu dağ da bura olub…

Səfərin ikinci günü – “Badamlı” Mineral Sular Zavodu

Səfərimizin ikinci günündə isə “Badamlı” Mineral Sular Zavodunda istehsal prosesi ilə tanış oluruq. Zavodun illik istehsal gücü 150 milyon butulkadır. Zavod hazırda 5 ölkəyə - Çin, Rusiya, Qazaxıstan, İraq və Birləşmiş Ərəb Əmirliklərinə 18 çeşiddə məhsul ixrac edir. Bu da Naxçıvanın iqtisadi inkişafına böyük töhfə verir. Zavodun direktoru Hümbət Qəhrəmanovun sözlərinə görə, artıq Avropa bazarlarına da çıxış üçün lisenziyaların alınması üzrə işlər aparılır. Özbəkistan və Ukrayna bazarlarına çıxış üçün də fəaliyyət başlayıb, eləcə də Kanadaya bu yaxınlarda ilk ixrac həyata keçirilib. Bundan başqa, Naxçıvanın “Sirab” mineral su brendi də həm ölkə daxilində, həm də xaricdə yüksək rəqabət qabiliyyətinə malikdir.

Batabat istirahət zonası

"Badamlı" zavodu ilə tanışlıqdan sonra Muxtar Respublikanın ekoturizmində xüsusi çəkisi olan Batabat istirahət zonasına yollanırıq. Şahbuz rayonunun ərazisində yerləşən Batabat zəngin bitki örtüyü, təbii gölləri, üzən adası, sıx meşələri ilə yaddaşımızda silinməz iz buraxır. Zor bulağın gözündən süzülən dupduru su təbiətin Batabata bəxş etdiyi ən böyük hədiyyəsidir. Yayın qızmar istisində bura böyük insan axını olur. Batabatda turislərin qalması üçün də şərait yaradılıb, burada kiçik evlər inşa edilib.

Ağbulaq qış turizm mərkəzi

Növbəti səfər yerimiz Ağbulaq qış turizm mərkəzidir. Azərbaycanda xizəkçilik üçün gedə biləcəyiniz məhdud sayda yer varsa, onlardan biri də Ağbulaqdır. Son bir neçə ildə burada müasir infrastruktur yaradılıb. 980 metr uzunluğunda qurulan kanat sizi dəniz səviyyəsindən 2200, Ağbulaq qış turizm mərkəzindən isə 200 metr yüksəkliyə çıxarır.

“Duzdağ” Fizioterapiya Mərkəzi

Qeyd etdiyimiz kimi, Naxçıvanda turizm çoxşaxəlidir və ən önəmli turizm növlərindən biri sağlamlıq turizmidir. Burada yerləşən “Duzdağ” Fizioterapiya Mərkəzinin şöhrəti həm bütün ölkəyə, həm də dünyaya yayılıb. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə olan Duzdağ mağarasında 2 ayrı müalicə mərkəzi mövcuddur. Naxçıvan MR Duzdağ Fizioterapiya şəfa ocağının müalicəvi təsirinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Həmçinin, şaxtada havalandırma təbiidir, allergenlər yox dərəcəsindədir. Mərkəzdə 47 otaqda eyni anda 128 pasiyentin müalicəsi üçün rahat şərait yaradılıb. Müalicələr isə 2 növbədə - 2-12 yaş üçün gündüz, 12 yaşdan böyüklər üçün isə gecə təşkil olunur. Bundan başqa, mərkəzdə pasiyentlər üçün kafe, TV salon, kitabxana, mağaza, növbətçi tibb bacısı otağı da mövcuddur.

“Əshabi-Kəhf” ziyarətgahı

Müxtəlif ziyarətgahlarla yanaşı, buranın ən tanınmış yerlərindən biri də “Əshabi-Kəhf” ziyarətgahıdır. «Əshabi-Kəhf»lə bağlı rəvayət Naxçıvanda formalaşmaqla, əvvəlcə türk xalqları, sonra digər xalqlar arasında yayılıb. “Qurani Kərim”də adı çəkilən «Əshabi-Kəhf» bütün əlamətləri ilə Naxçıvandakı «Əshabi-Kəhf»lə uyğun gəlir. Mağara qədim ata ocağı, yaşayış məskəni kimi «Əshabi-Kəhf» hadisəsindən əvvəl mövcud olmaqla müqəddəs hesab olunub. Buradakı inanclar heç bir dinə deyil, qədim türklərin inanclar sisteminə, təbiət kultuna aiddir. «Əshabi-Kəhf» fiziki təmizlik, ruhu paklıq halında olan qulun Tanrıya yönəldiyi Ali məqamdır. Bura Azərbaycan türkünün qədim ata yurdu, Naxçıvanda min illər boyu tapındığı mağaranın daşlarına hopmuş mənəvi, tarixi kimlik vəsiqəsidir.

Təəssüf ki, vaxtın az olması səbəbindən Orduba rayonuna səfər edə bilmədik. Lakin Ordubad da qədimliyinə, özünəməxsus memarlığına görə Naxçıvan Muxtar Respublikasında turistlərin marağını cəlb edə biləcək yerlərdəndir. Qədim məscidləri, hamamları, daş döşənmiş məhəllələri, bir neçə yüz il yaşı olan çinar ağacları, dadı damaqdan getməyəcək meyvələri ilə məşhur olan Ordubad da zəngin turizm potensialına sahibdir.

Parlaq zəfərimizlə nəticələnən Vətən müharibəsinin regionda yaratdığı yeni reallıqlar Naxçıvanla quru yol əlaqələrinin bərpasını da özündə ehtiva edir. Şübhəsiz ki, Zəngəzur dəhlizi açıldıqdan, Azərbaycanın digər bölgələri ilə Naxçıvanın quru əlaqəsi bərpa olunduqdan sonra bu bölgəyə turist axını daha da artacaq…

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti