...

Turistlər yay istirahətindən imtina edirlər

Turizm Materials 18 İyul 2023 19:52 (UTC +04:00)
Turistlər yay istirahətindən imtina edirlər

Bakı. Trend:

Avropanın cənubunda orta yay temperaturunun kəskin artması səyahətçiləri daha soyuq tətil yerlərini seçməyə, yaxud yaz və ya payız mövsümündə səyahət etməyə sövq edə bilər.

Trend xəbər verir ki, Avropa Turizm Komissiyasının (ETC) məlumatlarına görə iyun-noyabr ayları arasında Aralıq dənizi regionuna səyahət etmək istəyənlərin sayı ötən illə müqayisədə artıq 10 faiz azalıb.

Şirkətin hesabatına görə, səyahət edənlərin 7,6 faizi hazırda iyun-noyabr ayları arasında ekstremal hava şəraitini əsas səyahət problemi hesab edir.

Turizm şirkətləri iddia edirlər ki, həddindən artıq istilər səbəbindən hələ də çox sayda səfərin ləğvi müşahidə olunmur. Britaniyanın ABTA turizm agentliyi qrupundan Şon Tiptonun dediyinə görə, britaniyalılar koronavirus pandemiyası səbəbindən ikiillik karantin rejiminin yerini doldurmaq məqsədilə hələ də evdə daha az, Aralıq dənizində isə çox vaxt keçirir, aylar öncədən çox tətil sifariş edirlər.

Bununla belə, ekspertlər qeyd edirlər ki, isti dalğalar daha da yorucu olunca, tezliklə şərait dəyişə bilər. Meteoroloqlar bu həftə havanın temperaturunun hazırkı Avropa rekordunu (48,8 dərəcə Selsi) keçə biləcəyini proqnozlaşdırır.

Eyni zamanda, iqtisadiyyatı yay turizmi mövsümündən çox asılı olan İtaliyanın hakimiyyət orqanları turistlərin sayında mümkün azalma ilə bağlı həyəcan təbili çalır. Bundan əvvəl İtaliyanın Ətraf Mühit Nazirliyi xəbərdarlıq etmişdi ki, əcnəbi turistlər gələcəkdə yaz və payız aylarında daha çox səyahət edəcək və daha sərin istiqamətlər seçəcəklər.

Bununla yanaşı, bəzi ölkələr bu tendensiyanın turist axınının azalmasına deyil, sadəcə olaraq yenidən bölüşdürülməsinə gətirib çıxaracağına ümid edirlər. Beləliklə, Yunanıstanın Ətraf Mühit Nazirliyinin fikrincə, qış, yaz və payız aylarında səfərlərin sayının artması, əksinə, yayda yerli kurortlarda sıxlıq problemini yüngülləşdirə və potensial yay azalmasını kompensasiya edə bilər. Yunanıstan hakimiyyəti turistləri qorumaq üçün cümə günü günün ən isti vaxtında Afinadakı qədim Akropolu bağlayıb.

Bu arada, İspaniya artıq turist seçimlərində dəyişikliyi görür. “Exceltur” milli turizm assosiasiyasının hesabatına görə, ölkənin şimalındakı sahilyanı ərazilərdə və yay temperaturunun daha sərin olduğu adalarda tələbatın güclü olacağı gözlənilir.

Mütəxəssislər bu yay cəhənnəm istisindən qorunmaq üçün ən yaxşı Avropa ölkələrinin İrlandiya və dörd Skandinaviya ölkəsi olduğunu bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti