Bakı. Trend:
Belçika polisi Avropa Parlamentinin binasında korrupsiya ilə bağlı genişmiqyaslı axtarışlar aparıb.
Trend xəbər verir ki, martın 13-də həyata keçirilən əməliyyat çərçivəsində Belçikada iyirmiyə yaxın axtarış keçirilib. Hüquq-mühafizə orqanları bunun “kommersiya lobbiçiliyi adı altında” aparılan korrupsiya araşdırmasının bir hissəsi olduğunu bildirib.
Rəsmi açıqlamaya görə, əməliyyat çərçivəsində bir neçə şəxs aktiv korrupsiya əməllərinə görə dindirilmək üçün saxlanılıb. Belçikadan əlavə, bu iş üzrə Portuqaliyada da axtarış aparılıb.
Belçika Federal Prokurorluğunun məlumatına görə, 2021-ci ildən bəri korrupsiyanın mütəmadi və gizli şəkildə həyata keçirildiyi müəyyən edilib. Qeyd olunur ki, siyasi qərarların şəxsi kommersiya maraqlarına uyğun yönləndirilməsi üçün yüksək vəzifəli şəxslərə mükafatlar, səfərlər, bahalı yeməklər və hətta futbol matçlarına dəvətlər kimi rüşvət formalarından istifadə olunub.
Hazırda istintaq davam edir və potensial iştirakçıların kimliyi ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, son illərdə Avropa Parlamenti üçüncü ölkələrlə bağlı bir neçə korrupsiya qalmaqalına qarışıb.
