Bakı.Trend:
Aprelin 29-30-da Bakıda "Turan Tekstil Sərgisi" keçiriləcək.
Bunu Trend-ə açıqlamasında “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov deyib.
O bildirib ki, sərgi tekstil sənayesinin aparıcı oyunçularını bir araya gətirərək, türk dünyasının tekstil gücünü nümayiş etdirəcək.
“Sərginin əsas tərəfdaşı qismində çıxış edəcək "Azərbaycan Tekstil Assosiasiyası" İctimai Birliyi Azərbaycanın tekstil potensialını dünyaya təqdim edəcək.
Sərgi “Made in Turan” standartları əsasında təşkil olunacaq. Azərbaycanın tekstil brendləri beynəlxalq bazara çıxış imkanı qazanacaq, yerli istehsal gücünü nümayiş etdirəcək və sənayenin yeni texnologiyalarla inteqrasiyasını sürətləndirəcək. Sərgi Azərbaycan tekstil sektorunun dünya arenasında mövqeyini gücləndirmək üçün unikal bir imkandır.
Sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, eləcə də Pakistan, Hindistan, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Macarıstan və Yaponiya kimi ölkələrdən gələn tekstil şirkətləri, dizaynerlər və sənaye mütəxəssisləri - ümumilildə 5 mindən çox şəxs iştirak edəcək, onlara B2B formatında görüşlər keçirmək və əməkdaşlıq üçün əlaqələr qurmaq imkanları yaradılacaq”, - deyə o qeyd edib.