Bakı. Trend:
Sudan Silahlı Qüvvələri paytaxt Xartum vilayətini Çevik Cavab Qüvvələrinə (ÇCQ) məxsus üsyançılardan tam təmizlədiyini bəyan edib.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Sudan ordusunun yaydığı rəsmi açıqlamada bildirilib.
“Bu gün elan edirik ki, Xartum əyaləti Daqlo birləşmələrinin (ÇCQ) mövcudluğundan tamamilə azad edilib”, – bəyanatda deyilir.
Xatırladaq ki, hələ martın sonunda ordu Xartumun ÇCQ üsyançılarından təmizlənməyə başlandığını açıqlamış və şəhər ətrafındakı mövqelərə hücumları davam etdirmişdi. Cavab olaraq, üsyançı qüvvələr aprelin ilk yarısında ölkənin cənub və qərb bölgələrində – xüsusilə Darfur və Kordofanda – hərbi əməliyyatları gücləndirmiş və nəzarət etdikləri ərazilərdə “öz hökumətlərini” qurduqlarını bəyan etmişdilər.
Tərəflər bir-birini münaqişə zonalarında dinc əhalinin qətlə yetirilməsində ittiham edir.
Qeyd edək ki, Sudanda 2023-cü il aprelin 15-dən etibarən ordu ilə Çevik Cavab Qüvvələri arasında qanlı toqquşmalar davam edir. ÇCQ-nin başında general Məhəmməd Həmdan Daqlonun dayandığı münaqişə ölkədə humanitar fəlakətə səbəb olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi xəbərdarlıq edib ki, qarşıdurmanın uzanması xəstəliklərin yayılmasına və səhiyyə sisteminin tamamilə çökməsinə yol aça bilər.
