Bakı.Trend:
Azərbaycanın sağlamlıq turizm imkanlarının və sağlamlıq turizm məhsullarının beynəlxalq miqyasda tanıdılması, təbliğatının aparılması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən intensiv iş aparılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə xarici sərgilərdə Azərbaycanın sanatoriya-kurort müəssisələri də iştirak edərək bu sahədə təbliğatın aparılmasına dəstək verirlər:
"Son illərdə bu sahəyə marağın artması ilə əlaqədar bir sıra turizm şirkətləri yerli sanatoriya və müalicə mərkəzləri ilə əməkdaşlıq çərçivəsində müxtəlif turpaketlər hazırlayırlar.
2024-cü il ərzində Azərbaycanın sağlamlıq turizmi xidmətlərindən faydalanmaq üçün ümumilikdə 23 272 nəfər xarici vətəndaş səfər edib ki, bu sayın təxminən 83.4%-ni MDB ölkələrindən gələnlər təşkil edib. Səfər edənlər arasında ilk beşlikdə Rusiya Federasiyası (15 360 nəfər), Qazaxıstan (2 199 nəfər) , Türkiyə (1311 nəfər), Gürcüstan 1068 (nəfər) və Özbəkistan 935 (nəfər) vətəndaşları yer alır. İlk onluqda Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna və Belarus kimi ölkələr sıralanır".
Qeyd edilib ki, iyulun 17-də “Sağlamlıq turizminin inkişafı üzrə işçi qrupu”nun iclasında İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyi, Naftalan Şəhər İcra Hakimiyyəti kimi dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edib.
"İşçi qrup tərəfindən “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 308 nömrəli Sərəncamının icrasının təmin edilməsi” barədə Nazirlər Kabinetinin 8 oktyabr 2024-cü il tarixli 515s nömrəli Sərəncamının bəndlərinin icrasının təmin olunması məqsədilə hazırlanan sənədlərin cari vəziyyəti ilə bağlı müzakirə keçirilib. Həmçinin “Naftalan” kurortunda asudə vaxtın təşkil edilməsi barəsində fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Naftalanı ziyarət edən turistlərin sağlamlıq-kurort müəssisələrindən istifadəsi ilə yanaşı, asudə vaxtlarında digər sosial-mədəni fəaliyyətlərdən istifadə etmələri üçün mövcud şəraitin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub", - qurumdan əlavə olunub.