Bakı. Trend:
Qarabağ iqtisadi rayonunda ötən il üzrə qeydə alınan mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin sayı 18-ə yüksəlib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 4 vahid və ya 28,6% çoxdur.
Hesabat dövründə sözügedən iqtisadi rayon üzrə ən çox mehmanxana (hotel) və mehmanxana tipli obyektlər 5 vahid olmaqla Ağcabədi rayonunda qeydə alınıb.
Digər rayonlara gəldikdə, Xankəndi, Ağdam və Füzuli rayonlarında hərəyə bir vahid, Bərdədə 2 vahid, Şuşa və Tərtər rayonlarında isə hərəyə 4 vahid mehmanxana (hotel) və mehmanxana tipli obyektlər qeydə alınıb.
Hesabat dövründə Qarabağ iqtisadi rayonunun digər əraziləri üzrə mehmanxana tipli obyektlər qeydə alınmayıb.
Eyni zamanda ötən il Qarabağ iqtisadi rayonunda qeydə alınmış mehmanxanalar 7,7 milyon manat gəlir əldə edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,6 milyon manat və ya 27,7% artım deməkdir.
Dövr ərzində sözügedən iqtisadi rayonundakı mehmanxanaların xərcləri isə 10,8 milyon manat təşkil edib. Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən 2,8 milyon manat və ya 34,6% çoxdur.