Dağlıq Qarabağ problemi həll olmadan Türkiyə-Ermənistan münasibətlərində irəliləyiş olmayacaq - Con Hopkins Universitetinin eksperti

Nəzər nöqtəsi Materials 28 Sentyabr 2009 15:29 (UTC +04:00)

Bakı, Azərbaycan, 28 sentyabr / Trend , R.Hafizoğlu/

ABŞ-dakı Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Tədqiqat İnstitutunun direktoru hesab edir ki, Dağlıq Qarabağ problemi həll olmadan Türkiyə-Ermənistan münasibətlərində irəliləyiş olmayacaq.

"Dağlıq Qarabağ problemi həll olmadan Türkiyə-Ermənistan münasibətlərində irəliləyiş olmayacaq", - deyə  Svante Kornel bazar etrəsi İsveçdən telefonla Trend -a bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Trend -a verdiyi müsahibəsində bildirib ki, Türkiyə ilə Ermənistan arasında avqust ayında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun yekun variantı oktyabrın 10-da və ya 11-də Türkiyənin XİN rəhbəri Davudoğlu ilə ermənistanlı həmkarı Nalbandyan arasında imzalanacaq.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

Kornel hesab edir ki , protokolun imzalanması ilə protokulun təsdiqi fərqli məsələlərdir.

Onun fikrincə, Türkiyə Ermənistan ilə diplomatik əlaqələri bərpa edə bilər, lakin Dağlıq Qarabağ problemi həll olmadan iki ölkə arasında sərhədlərin açılması reallaşmayacaq.

Kornel onu da qeyd edib ki, Ankara-Yerevan protokolunun Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda gözlənilən səfəri ərəfəsində gündəmə gəlməsi təsadüfi deyil.

"Türkiyə hökuməti Azərbaycan və Ermənistan rəhbərlərinin Kişinyov görüşünə ümidlə yanaşır və bu görüşün müsbət nəticələnəcəyinə ümid edir. Əgər bu görüşdə hər hansı bir müsbət irəliləyiş olsa, Türkiyə- Ermənistan diplomatik münasibətləri davam etdirilə biləcək", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu görüşdə də Ermənistan Prezidentinin tutduğu mövqeyə və verdiyi ifadələrə görə hər hansı bir müsbət irəliləyiş olmayacaq.

Xəbər lenti

Xəbər lenti