...

Aydın Səfixanlı: Ulu öndər Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi konsepsiyasının müəllifidir (ÖZƏL)

Nəzər nöqtəsi Materials 12 Dekabr 2018 19:04 (UTC +04:00)
Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi konsepsiyasının müəllifidir.
Aydın Səfixanlı: Ulu öndər Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi konsepsiyasının müəllifidir (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dahi şəxsiyyət, görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olan Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi konsepsiyasının müəllifidir.

Bunu Trend-ə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev dövründə gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bildi.

A.Səfixanlı qeyd edib ki, müstəqil Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı islahatlar, insan hüquqları və azadlıqlarının təmini istiqamətində köklü dəyişikliklər məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin müstəqil respublikamıza başçılıq etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də məhz insan hüquq və azadlıqlarının qorunması olub.

Ombudsman Aparatının rəhbəri bildirib ki, qısa zaman kəsiyində Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmini məqsədilə bir sıra mühüm islahatlar həyata keçirilib, müvafiq qanunvericilik aktları qəbul olunub, fərman və sərəncamlar imzalanıb: "Həyata keçirilmiş hüquqi islahatların təməli öz əksini ümummilli liderin memarı olduğu Azərbaycan Respublikasının yeni Konstitusiyasında tapıb. Bu ali sənədin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılıb, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi tətbiq olunub".

A.Səfixanlı vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insan hüquq və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatlardan biri də yaşamaq hüququnun təmini ilə bağlı olub. Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri ölüm cəzasının ləğvi olub. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir:

"Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanmaqla şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu".

Aparat rəhbəri deyib ki, ölüm cəzasının ləğvi Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu bir daha sübut etdi: "Şərqdə ilk dəfə məhz bizim respublikamızda ölüm cəzasının ləğv edilməsi dünyada böyük əks-səda doğurdu. Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş bu islahat dövlətimizin humanist siyasi kurs həyata keçirdiyini bir daha bəyan edib.

O əlavə edib ki, çoxdan unudulmuş əfv və amnistiya institutlarının ulu öndər tərəfindən bərpası da olduqca mühüm əhəmiyyətə malikdir: "Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrildi".

A.Səfixanlı vurğulayıb ki, dahi öndərin insan hüquq və azadlıqlarının təmini sahəsində atdığı mühüm addımlardan biri də fikir və söz azadlığının təmini və inkişaf etdirilməsi ilə bağlı olub: "Belə ki, Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanla mətbuat üzərində senzura ləğv edildi, kütləvi informasiya vasitələrinin sərbəst inkişafı üçün münbit şərait yaradıldı".

Ombudsman Aparatının rəhbəri qeyd edib ki, Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Belə ki, bu sənədlərdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, o cümlədən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə səlahiyyətli müvəkkili təsisatının yaradılması kimi vəzifələr nəzərdə tutulub:

"Heydər Əliyev insan hüquqları sahəsində yalnız qanunların qəbul edilməsinə deyil, onların həyata keçirilməsinə, müdafiəsi mexanizminin təmininə də xüsusi diqqətlə yanaşırdı. Məhz ümummilli liderin rəhbərliyi ilə bu sahədə aparılan hüquqi islahatların məntiqi nəticəsi kimi 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilmiş, Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün maddi və hüquqi baza formalaşdırılmış, 2 iyul 2002-ci il tarixdə Azərbaycanın ilk ombudsmanı seçilmiş və beləliklə də, ulu öndərin xeyir-duası ilə respublikamızda da digər inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi ombudsman institutu təsis edilmişdir. Bütün bunlar ulu öndərin insan hüquq və azadlıqlarının qorunmasına verdiyi önəmin nəticəsidir. Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktın məhz konstitusiya statuslu olması dövlətin bu təsisatın fəaliyyətinə, ümumilikdə isə insan hüquqlarının müdafiəsi işinə verdiyi böyük önəmin göstəricisi olaraq qiymətləndirilməlidir".

A.Səfixanlı bildirib ki, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatların məntiqi davamı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi, 18 iyun 2007-ci il tarixli sərəncamla 18 iyun tarixinin “İnsan hüquqları günü” kimi təsis olunması, 27 dekabr 2011-ci il tarixli sərəncamla Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi və bu kimi digər tədbirlər ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində islahatların uğurla davam etməsinin bariz göstəricisidir.

O söyləyib ki, Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daim böyük diqqət yetirilir və ölkə Prezidentinin yürütdüyü siyasət məhz insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti