...

Ehud Olmertin siyasi karyerasının süqutu

Dünya xəbərləri Materials 31 İyul 2008 15:55 (UTC +04:00)
Ehud Olmertin siyasi karyerasının süqutu

İsrail, Qüds, 31 iyul/ Trend , müxbir R.Abdullayev/ Dünən İsrailin Baş naziri Ehud Olmert gözlənilmədən iqtidar partiyası Kadimanın praymerizində iştirak etməyəcəyi barədə bildirib. "Mən nə qədər ağrılı olsa da, düzünü deməliyəm. Mən İsrail hökumətinin başçısı olanda, öz təmiz adım üçün mübarizə aparmalı olmuşam. Lakin məhkəmə araşdırmaları mənə Baş nazir səlahiyyətlərini tam şəkildə yerinə yetirməyə imkan vermir. Mən bu vəziyyətdə işləyə bilmirəm və bəyan edirəm ki, Kadimanın praymerizində iştirak etməyəcəyəm və bu prosesə müdaxiləm olmayacaq", - Olmert xüsusi çağırılmış mətbuat konfransında bildirib.

Kadimada praymeriz sentyabrın 17-də keçiriləcək. Partiyanın Nizamnaməsinə əsasən, partiya sədri vəzifəsinə olan namizədlərdən kim Kadima üzvlərinin 40 faiz səsini toplaya bilsə, o qalib hesab edilir. Yeni partiya sədri qış sessiyası başlayanadək - oktyabrın 27-dək Knessetin əksər deputatlarının səsini alaraq (61 faiz), yeni hökuməti formalaşdıra bilsə, Baş nazir nəqliyyat naziri - İsrail ordusunun keçmiş qərargah rəisi general Şaul Mofaz və ya İsaril XİN-in başçısı Sipi Livni olacaq. Yeni sədr 61-ci koalisiya üzvlərinin dəstəyini qazana bilməsə, onda oktyabrın 27-də Olmert ölkə prezidentinə özünün istefaya getməsi, Peres isə 90 gündən sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarı elan edəcəklər.

Olmertin Kadimanın paraymerizində iştirak etməyəcəyi barədə qərarı nə təsadüfi xarakter daşımır. İsraildə Baş nazir Olmertin rüşvət almaqda şübhəli bilinməsi ilə bağlı aparılan araşdırmalar nəticəsində yaranmış siyasi böhran, faktiki olaraq Olmertin istefasına gətirib çıxarıb və ola bilsin ki, ilin sonunadək İsarildə vaxtından əvvəl parlament seçkiləri keçirilsin. Belə ki, müdafiə naziri və Kadimanın baş koalisiya tərəfdaşı Avod partiyasının başçısı Ehud Barak Baş nazirin "hökumət başçısı səlahiyyətlərindən əl çəkməsi" tələbi ilə çıxış edib. "İsrail dövlətinin indiki mürəkkəb vəziyyəti, Baş nazirə dövlət siyasəti və şəxsi məhkəmə işləri ilə eyni zamanda məşğul olmağa imkan verə bilməz. Kadima partiyası lazımi nəticələr çıxarmasa, biz növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarı qəbul etməyə məcbur olacağıq", - Barak deyib.

Baş nazirin əhatəsində demək olar ki, onu dəstəkləyəcək heç kəs qalmayıb. Olmertin partiya dostları hələ ondan açarları masa üstünə qoymasını tələb etməyiblər. Lakin hakim partiyanın sədri vəzifəsinə real namizədlər - xarici işlər naziri Livni və nəqliyyat naziri Mofaz "Olmert dövrü sona yetib və indi gələcək haqqında düşünmək vaxtı gəlib çatıb" fikirlərini gizlətmirlər.

Siyasi qeyri-stabilliyin ifrat dərəcədə olmasına baxmayaraq, İsrailin Baş naziri həm fələstinlilər, həm də Suriya ilə danışıqlar aparmağı davam etdirdi və mətbuatın məlumatlarını mülahizə etsək, o, bunu böyük uğurla həyata keçirib. Dünən jurnalistlər qarşısında çıxış edən Olmert təhlükəsizlik və iqtisadiyyat sahələrində İsrailin uğurları barədə də danışıb. O bəyan edib ki, ölkə heç vaxt Fələstin və Suriya ilə sülh sazişinin bağlanmasına bu qədər yaxın olmayıb. "Mən bütün qəlbimlə inanıram ki, biz ərəb qonşularımızla münasibət yaradaraq terrorun dayandırılmasına nail ola bilərik", - deyə siyasi karyerasının sona çatdığını faktiki olaraq bəyan edən İsrailin Baş naziri fikrini yekunlaşdırıb.

Aydındır ki, Olmert öz siyasi mövcudluğunu İsrailin ictimai-siyasi həyatının gündəliyində əsas bəndə çevirə bilmədi. O, bunu gərgin diplomatik prosesi yamsılamaqla etdi. Törədilən cinayətin əvəzini mübahisəli diplomatik təşəbbüs yolu ilə ödəməklə xilas olma praktikası İsraildə yenilik deyil. Belə ki, 2004-cü ildə iri fırıldaqların araşdırılması fonunda Ariel Şaron Qəzzə sektorundan birtərəfli ayrılma planını barədə bəyan etmişdi. İsrail elitası Baş nazirin üzərindən məhkəmə çəkişməsinin qaldırılmasını üstün tutmuş və bununla da iş bağlanmışdı. Bəzi müşahidəçilərin rəyinə görə, bugünki vəziyyət dörd il bundan öncə baş verənləri bir daha xatırladır.

Aydındır ki, İsraildəki siyasi qeyri-stabillik və Baş nazir Olmertin artıq real istefası danışıqlara hiss ediləcək dərəcədə xələl gətirəcək. Fələstinlilərin bədbinliyinə nə dərəcədə haqq qazandırıldığını demək çətindir, lakin aydındır ki, ərəblərlə sülh barədə razılığa gəlinməsi və ya qoşunların Qəzzə sektorundan çıxarılması yekunda Olmert tərəfindən həyata keçirilməyəcək.

Hazırda İsrail qarşısında həyati əhəmiyyətli məsələlər durur: İranın nüvə silahı əldə etməyə cəhd göstərməsi ilə bərabər, HƏMAS və "Hizbullah"dan təhlükəsizliyə dair gələn təhdidlər və ölkənin mövcud olması üçün nələr etmək.

Vəziyyətin ağır olması isə ondan ibarətdir ki, hazırki İsrail hökuməti və Kadima partiyasının real olaraq heç bir cavabı yoxdur. Çətin məsələlərdən gizlənmək mümkün deyil və bütün bu və ya digər mümkün ssenarilərin gedişi nə dərəcədə ağrılı olsa da, onları real olaraq nəzərdən keçirmək və diqqətlə təhlil etmək lazımdır. Olmert cavabdehliyi heç kimə həvalə edə bilməz, Kadima isə "Sentrizm", "Şaron mirası", "Ölkənin gündəlik həyatına rəhbərlik" kimi aydın olmayan şüarlar altında gizlənə bilməz. Lakin indi İsrailin qarşısında daha ciddi problemlər durur və onlar tərəfindən qəbul ediləcək hər hansı bir qərardan təkcə Kadimanın taleyi deyil, həm də bütün İsrail dövlətinin taleyi asılı olacaq.

Xəbər lenti

Xəbər lenti