İsrailin Müdafiə Nazirliyi hələ ötən həftə ABŞ-ın raket əleyhinə müdafiə (RƏM) sisteminin İsraildə yerləşdirilməsi barədə qərar qəbul edə biləcəyinə dair müzakirələrə başlayıb. İsrailin "Jerusalem Post" qəzeti müdafiə idarəsindəki rəsmi mənbələrə istinadən bildirib.
İsrailin Müdafiə Nazirliyindəki mənbələrdən qəzetə bildirilib ki, ABŞ RƏM sistemini İsraildə yerləşdirə bilər. "Müdafiə sahəsində birgə təlimlər növbət ayda keçiriləcək", - İsrail qəzeti yazır.
Cümə axşamı Çexiyanın Baş naziri Yan Fişer bildirib ki, ABŞ Çexiya və Polşada RƏM sistemlərinin qurulmasından imtina edib.
Fişer Praqada jurnalistlərə bildirib ki, ABŞ Prezidenti Barak Obama ona zəng edib və bildirib ki, Vaşinqton Rusiyanın narazılığı səbəbindən RƏM proqramından imtina edib.
ABŞ Polşada on rakettutan sistemin və Çexiyada radar sisteminin yerləşdirilməsini planlaşdırırdı.
ABŞ-ın Avropada RƏM sisteminin yaradılmasında əsas məqsədi İranın və ya Yaxın Şərqdəki hər hansı bir ölkənin mümkün raket hücumlarından müdafiə idi. Moskva Rusiya ilə ümumi sərhədləri olan ölkələrdə RƏM sistemlərinin yerləşdirilməsi ilə bağlı narazılığını bildirib.