...

Türkiyə-Ermənistan protokolları Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurdu - Türkiyə Parlamentinin deputatı

Dünya xəbərləri Materials 21 Oktyabr 2009 17:44 (UTC +04:00)
Türkiyə-Ermənistan protokolları Türkiyə-Azərbaycan əlaqələrinə zərbə vurdu. Bu barədə çərşənbə günü müxalifətdən olan Milliyyətçi Xalq Partiyasının deputatı Şükrü Ələkdağ bildirib.
Türkiyə-Ermənistan protokolları Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurdu - Türkiyə Parlamentinin deputatı

Türkiyə-Ermənistan protokolları Türkiyə-Azərbaycan əlaqələrinə zərbə vurdu. Bu barədə çərşənbə günü müxalifətdən olan Milliyyətçi Xalq Partiyasının deputatı Şükrü Ələkdağ bildirib. Məlumatı TRT 3 telekanalı yayıb.

"Bu gün Bakı Ankaraya şübhə ilə yanaşır və bu məsələdə Türkiyə hökuməti günahkardır", - Ələkdağ deyib.

Çərşənbə günü Türkiyə Böyük Millət Məclisində Türkiyə-Ermənistan protokolları müzakirə olunmağa başlayıb.

Onun sözlərinə görə, Baş nazir Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla sərhədləri açmayacağına söz verməsinə baxmayaraq, o, Ermənistanla əlaqələrin normallaşdırılmasını nəzərdə tutan protokolları imzaladı.

"Məhz bundan sonra Ankara ilə Bakı arasındakı əlaqələrdə böhran yaşandı", - o əlavə edib.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası haqqında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Daha əvvəl Türkiyə hökuməti bəyan edirdi ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməyincə, Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz.

Xəbər lenti

Xəbər lenti