...

İranın ali lideri dünya müsəlmanlarını Pakistanda təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etməyə çağırıb

Dünya xəbərləri Materials 31 Avqust 2010 16:17 (UTC +04:00)
İranın ali lideri ayətullah Əli Xamneyi Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə dünyanın müsəlmanlarına müraciət edib.
İranın ali lideri dünya müsəlmanlarını Pakistanda təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etməyə çağırıb

İranın ali lideri ayətullah Əli Xamneyi Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə dünyanın müsəlmanlarına müraciət edib. Məlumatı ali liderin rəsmi xəbər saytı "leader.ir" yayıb.

Müraciətdə bildirilir ki, Pakistandakı təbii fəlakətdən zərərçəkmiş milyonlarla müsəlman bacı və qardaşlara tez bir zamanda yardım göstərilməlidir. "Onlara göstərdiyimiz hər bir kömək təbii fəlakətdən zərərçəkmiş insanların ehtiyaclarını ödəməsə də, biz qardaşlıq naminə bu ölkədəki bacı və qardaşlarımıza yardım etməyə tələsməliyik", - ayətullah Xamneyinin müraciətində deyilir.

Bu günlərdə Pakistan ölkənin bütün tarixi ərzində ən dəhşətli təbii fəlakətin qurbanı olub.

Sel və daşqınlar xalqın həyatına, daşınmaz əmlaka və infrastruktura xeyli ziyan vurub. İki minə yaxın insan daşqınların qurbanı olub, minlərlə adam zərər çəkib, 5 min kənd tamamilə dağılıb, təxminən 16 milyon insan ev-eşiyini itirib.

BMT bu faciənin 2004-cü ildə tüğyan etmiş sunamidən və Haitidə baş vermiş zəlzələdən dəhşətli olduğunu bildirib. Təşkilat beynəlxalq birliyə bu məsələdə Pakistanla əməkdaşlıq etmək xahişi ilə müraciət edib.

Hələlik dəyən ziyanın məbləği müəyyən edilməyib. Lakin ilkin məlumatlara görə, dəymiş ziyan milyardlarla dollar həcmində hesablanır.

Pakistan rəhbərliyi beynəlxalq ictimaiyyətə daşqının nəticələrinin aradan qaldırılması üçün köməklə bağlı müraciət edib.

İran indiyədək Pakistana 2 milyon dollar maddi yardım göndərib, 400 tondan çox ərzaq, adyal, çadır və digər avadanlıqlar göndərib, sel basmış ərazidə 3 səhra xəstəxanası qurub. İran hökuməti bu ölkədə təbii fəlakətdən zərər çəkmiş insanlara 10 milyon dollardan artıq yardım etməyi nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti