Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbirlər E.Tariverdiyeva, S.İsayev /
Azərbaycanla İran arasında münasibətlər yaxşı olaraq qalmaqdadır. Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bu gün Tehranda mətbuat konfransında bildirib. Trend-in məlumatına görə, bu barədə Press TV xəbər verib.
"İki ölkənin xalqlarının ənənələrinin və baxışlarının ümumiliyi əlaqələrin gələcək inkişafı üçün imkanlar yaradır", - Mehmanpərəst deyib.
Bununla yanaşı, o qeyd edib ki, ikinci dərəcəli əhəmiyyətə malik məsələlərdə Bakının və Tehranın baxışlarındakı müxtəliflik ikitərəfli münasibətlərə təsir etməməlidir.
Mehmanpərəst Xəzər dənizinin ekoloji problemlərinə dair suala cavab verərkən bildirib ki, məsələ Xəzəryanı dövlətlərin ciddi nəzarəti altındadır.
"Xəzəryanı dövlətlərin razılaşdırdıqları konvensiyalar mövcuddur və həmin konvensiyalara ekoloji sistemin və ətraf mühitin mühafizəsi məsələləri daxildir. Xəzərin çirklənməsi məsələsi diqqətlə öyrəniləcək və çirklənmənin qarşısının alınması üçün konkret tədbirlər görüləcək", - XİN-in rəsmi nümayəndəsi deyib və Xəzərdə çalışan neft şirkətlərinin təbiətin mühafizəsi normalarına ciddi riayət etdiklərini əlavə edib.