...

Türk Silahlı Qüvvələrinin koronavirusla mübarizədəki müvəffəqiyyəti

Dünya xəbərləri Materials 8 İyun 2020 15:03 (UTC +04:00)
Türk Silahlı Qüvvələrinin koronavirusla mübarizədəki müvəffəqiyyəti

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri (TSQ) görülən tədbirlər sayəsində dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxma faktının ən az qeydə alındığı ordular arasında yer alıb.

TSQ-dan Trend-ə verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələri koronavirusla mübarizədə dünyanın digər orduları arasında fərqli bir yerə gəlib çatıb. Yoluxma sayının kadr sayı ilə nisbətinə nəzər yetirdikdə, ən az aktiv koronavirus xəstəsi olan TSQ nail olduğu bu müvəffəqiyyətlə ABŞ, Rusiya, Fransa, İtaliya və İngiltərə kimi ölkələrin ordularını qabaqlayıb.

Bu müvəffəqiyyətdə, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişlərinə uyğun olaraq ölkə daxilində həyata keçirilən tədbirlərin fonunda, Milli Müdafiə Nazirliyinin gördüyü tədbirlərin çox böyük təsiri olub.

Səhiyyə Nazirliyi ilə koordinasiyalı şəkildə görülən tədbirlərin planlaşdırılması və ciddi şəkildə həyata keçirilməsi təxminən 500 min nəfərlik Türkiyə Silahlı Qüvvələrində yoluxma sayının çox aşağı səviyyədə və nəzarət altında olmasını təmin edib.

Koronavirusla yanaşı, terrorla mübarizəsini də fasiləsiz davam etdirən Türkiyə Silahlı Qüvvələrində həmçinin virusun əməliyyat bölgələrinə yayılmaması üçün vacib tədbirlər görülüb.

Əməliyyat bölgələrindəki bütün bölmələrdə əlavə tədbirlər görülməklə yanaşı, Suriyanın şimalında bölmələrin yerləşdiyi ərazilərə giriş-çıxışlarda yeni qaydalar tətbiq edilib. Məcbur olmadıqca hərbi qulluqçuların hərəkəti minimum səviyyəyə endirilib.

“Sülh Çeşməsi”, “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh Qalxanı” əməliyyatlarının keçirildiyi bölgələrdə maarifləndirici təlimlər həyata keçirilib. İcra olunan tapşırıqlarda yoluxma riskini minimuma endirəcək hərəkət tərzləri müəyyən edilib.

Əməliyyat bölgəsindən ölkəyə daxil olacaq hərbi qulluqçuların 14 gün karantində saxlanıldıqdan sonra ölkəyə girişi və tibbi müayinənin aparılması üçün tədbirlər görülüb.

Bu müddət ərzində Milli Müdafiə Nazirliyi tərəfindən Türkiyə Silahlı Qüvvələrinin vəzifələrinə, hərəkat və fəaliyyətlərinə minimum təsir göstərəcək şəkildə tədbirlər görülüb. Ölkə daxilində və sərhəddən kənardakı hərbi birliklərdə aparılan mübarizədə “proaktiv yanaşma” əsas götürülməklə yanaşı, tədbirlərin ciddi şəkildə yerinə yetirilməsi müvəffəqiyyəti də özü ilə bərabər gətirib.

Milli Müdafiə Naziri Hulusi Akar da açıqlamalarında bu məsələyə diqqət çəkərək “Dünyada bu xəstəliklə qarşılaşan ordulara yoluxma sayının azlığı baxımından nəzər yetirdikdə, Türkiyə Silahlı Qüvvələrinin ən çox uğur əldə etmiş ordu olduğunu görürük. İndiyə qədər gəlinən nöqtədəki rəqəmlərə baxıldığında, həqiqətən öyünüləcək bir vəziyyət var. Bu, böyük bir müvəffəqiyyətdir. Fərdi və qurumsal tədbirlərə ciddi əməl etdiklərinə görə bütün Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə təşəkkürümü bildirirəm”, - deyə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti