...

Ankara NATO-nun Türkiyənin milli təhlükəsizlik risklərini nəzərə almasını gözləyir - Ərdoğan

Dünya xəbərləri Materials 18 May 2022 22:53 (UTC +04:00)
Ankara NATO-nun Türkiyənin milli təhlükəsizlik risklərini nəzərə almasını gözləyir - Ərdoğan

Bakı. Trend:

Ankara NATO üzrə müttəfiqlərindən Türkiyənin milli təhlükəsizliyinin tələblərini nəzərə almasını və bu məsələdə dəstəyini gözləyir.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ukrayna hadisələri fonunda NATO Şərq cinahını gücləndirməyə çalışır.

R.T.Ərdoğan qeyd edib ki, Ankaranın NATO müttəfiqlərindən gözlədiyi tək şey Türkiyə sərhədinin təhlükəsizliyi üçün atılan addımlara hörmətlə yanaşmaqdır.

"Ölkəmiz Şimali Atlantika Alyansı çərçivəsində üzərinə düşən öhdəlikləri hər zaman yerinə yetirib. Eyni zamanda, fikrimizcə, NATO-ya üzvlük müraciətinə Türkiyə tərəfindən dəstək gözləmək və eyni zamanda terrorçulara yardım etmək, ən azı, qeyri-ardıcıllığın göstəricisidir", - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə lideri vurğulayıb ki, NATO-nun təhlükəsizlik baxımından əhəmiyyətini azaltmaq cəhdləri qəbuledilməzdir.

Onun sözlərinə görə, NATO-nun genişlənməsi Türkiyənin maraqlarına hörmət göstərildiyi təqdirdə bu ölkə üçün əhəmiyyətlidir.

"Türkiyə NATO missiyalarına ən çox töhfə verən ölkələr sırasındadır. Lakin bu o demək deyil ki, biz istənilən təşəbbüslə qeyd-şərtsiz razılaşacağıq. (İsveç - red.) terrorçuları Ankaraya təhvil vermədən NATO-ya daxil olmaq məsələsinə Ankaranın dəstək verəcəyini necə gözləyə bilər?", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, PKK/YPG terrorçuları və onların əlaltıları hələ də bir sıra ölkələrin küçələrində açıq-aşkar dolaşırlar və polis onları müdafiə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti