Bakı. Trend:
Kreml Ermənistan tərəfindən Roma statutunun ratifikasiyasını ikitərəfli münasibətlər baxımından Rusiya üçün diplomatik həll axtarışı tələb edəcək yanlış addım kimi qiymətləndirib.
Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, Rusiya erməni xalqını qardaş xalq hesab edir, lakin Moskvanın bu ölkənin rəhbərliyinə sualları var.
"Kreml İrəvanın ikitərəfli mexanizmlər və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı tənqidi ilə razı deyil", - deyə o, əlavə edib.
Qeyd edək ki, bu gün Ermənistan parlamenti Roma statutunu səs çoxluğu ilə ratifikasiya edib. Belə ki, 60 deputat statutun ratifikasiyasının lehinə səs verib. Müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 20 deputat statutun ratifikasiyasının əleyhinə səs veriblər.
Xatırladaq ki, Haaqa tribunalı Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Beləliklə, Roma Statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir.