Bakı. Trend:
Fevral ayında okeanların temperaturu rekord həddə çatıb, yəni 21,06 dərəcəyə qədər yüksəlib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Aİ-nin İqlim dəyişikliyi üzrə xidməti “Copernicus” məlumat yayıb.
Bundan əvvəlki rekord 2023-cü ilin avqustunda suyun temperaturu 20,98 dərəcə səviyyəsinə qalxdığı zaman qeydə alınıb. Bu, ümumiyyətlə, fevral ayında müşahidələr tarixində ən isti ay olub. Temperaturun artması Sakit okeanı gözlənildiyindən daha isti edən “El Ninyo” iqlim hadisəsi ilə əlaqədardır. Lakin bu, ilk növbədə okeanın şərq hissəsinin səth sularına təsir edir.
“Daha təəccüblüsü odur ki, dəniz səthinin temperaturu Atlantik okeanın tropik hissəsi və Hind okeanının mərkəzindən uzaq bölgələrdə rekord səviyyədədir”, - deyə Redinq Universitetindən iqlimşünas Riçard Allan qeyd edib.