Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı (BMT) maliyyə çətinlikləri fonunda xərcləri azaltmaq üçün qərargahında bir sıra məhdudiyyətlər tətbiq edir.
Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, xərclərə qənaət edən tədbirlər arasında operatorların və tərcüməçilərin iş vaxtından artıq işləməsinə qadağa, BMT-nin Manhettendəki mənzil-qərargahında iş saatlarının məhdudlaşdırılması, həmçinin yeni işçilərin işə qəbulunun dondurulması daxildir.
Agentlik qeyd edir ki, Birləşmiş Ştatlar da daxil olmaqla əsas donorlar tez-tez ödənişlərini gecikdirdiyi üçün BMT uzun müddətdir maliyyə çətinlikləri yaşayır. Çətinliklər, həmçinin COVID-19 pandemiyası və ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının humanitar və inkişaf səyləri üçün maliyyəni azaltmaq qərarı ilə daha da ağırlaşıb.