Bakı. Trend:
ABŞ Daxili İşlər Nazirliyi qeyd edib ki, hökumət yerli xalqların “məcburi assimilyasiyası”na görə rəsmi şəkildə üzr istəməlidir.
Trende xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hakimiyyət orqanları 1819-cu ildən 1969-cu ilə qədər ölkədəki federal internat məktəblərində məcburi şəkildə yerləşdirilən hinduların və Amerikanın digər yerli xalqlarının azı 973 uşağının öldüyünü etiraf edib.
Bu məlumatlar ABŞ Daxili İşlər Nazirliyinin hesabatında təqdim olunub.
Sənəddə qeyd olunur ki, azı 973 hindu, Alyaska və Havayın yerli xalqlarının nümayəndələri federal hökumət tərəfindən idarə olunan və ya dəstəklənən məktəblərdə dünyasını dəyişib. Agentlik qeyd edir ki, çox güman ki, bu müəssisələrdə ölən uşaqlar daha çox olub. Onların bir çoxu məktəblərdə dəfn edilib.
Amerika səlahiyyətliləri ABŞ-də hinduların və digər yerli xalqların uşaqlarının onilliklər ərzində bu müəssisələrdə zorakılığa və pis rəftara məruz qaldıqlarını etiraf ediblər. Onlar oraya dövlət səviyyəsində bu xalqları mədəni şəkildə assimilyasiya etmək cəhdlərinin bir hissəsi kimi yerləşdirilib. Uşaqlar ailələrindən ayrılaraq məcburi şəkildə ixtisaslaşdırılmış internat məktəblərinə yerləşdirilirdi.
Daxili İşlər Nazirliyinin hesabatında qeyd olunur ki, ABŞ hökuməti hindu uşaqların “məcburi assimilyasiyası”na görə rəsmi olaraq üzr istəməlidir.
İnternat məktəbi sisteminə 400-dən çox müəssisə daxil olub. ABŞ Daxili İşlər Nazirliyinin 2022-ci ildə dərc edilmiş başqa bir hesabatında etiraf edilib ki, internat məktəblərinin bir çoxunda uşağa qulluq geniş şəkildə fiziki, cinsi və emosional zorakılıq, xəstəlik, qeyri-kafi qidalanma, həddən artıq sıxlıq və tibbi xidmətin olmaması səbəbindən kifayət qədər qeyri-qənaətbəxş idi”.