Bakı. Trend:
Vyetnamda son 10 ilin ən güclü qasırğası adlandırılan "Yagi" tüğyan edir.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, qasırğa nəticəsində ölənlərin sayı 59-a çatıb, 229 nəfər yaralanıb. Təbii fəlakət 110 min hektara yaxın düyü plantasiyalarının su altında qalmasına səbəb olub, minlərlə ağac aşıb. Bundan əlavə, 8 mindən çox tikiliyə ziyan dəyib, elektrik enerjisi və rabitədə fasilələr yaranıb.
Ölkənin şimalındakı Futxo əyalətində avtomobil körpüsü uçub.
Meteoroloqların məlumatına görə, ölkənin şimal-qərbində 40 sm-dən çox, şimal-şərqində isə 10 sm-dən çox yağıntı düşə bilər. Vyetnamın şimal-şərqində dağlıq ərazilərdə 25 sm-dən çox yağıntının olacağı gözlənilir.