Bakı. Trend:
İrlandiyanın növbədənkənar parlament seçkilərində ölkənin üç ən böyük siyasi partiyası demək olar ki, bərabər sayda səs toplayıb.
Trend-in məlumatına görə, "exit-poll" nəticələri millətçi "Şin Fein" partiyasının 21,1% səs topladığını göstərir. Baş nazir Simon Harrisin rəhbərlik etdiyi mərkəzçi mühafizəkar "Fine Gael" (FG) 21%, xarici işlər və müdafiə naziri Mişol Martinanın liderlik etdiyi mərkəzçi liberal "Fianna Fáil" (FF) isə 19,5% səs qazanıb.
Dördüncü yerdə 5,8% səslə Sosial Demokratlar partiyası qərarlaşıb, İrlandiya İşçi Partiyası isə 5% dəstək əldə edib. Hazırkı hakim koalisiyada iştirak edən Yaşıllar Partiyası 4% səs toplayıb, müstəqil namizədlər isə səslərin 12,7%-ni əldə ediblər.
Qeyd edək ki, İrlandiyanın 5,26 milyon əhalisi arasında 3,6 milyon seçici qeydə alınıb. 2020-ci ildə keçirilən əvvəlki parlament seçkilərində seçici fəallığı 62,8% təşkil edib. Seçkilərin yekun nəticələri ölkənin siyasi mənzərəsinə mühüm təsir göstərə bilər.