Bakı. Trend:
Böyük Britaniyanın hərbi obyektləri və xarici bazalarının raket əleyhinə müdafiə sistemlərində uzunmüddətli investisiya çatışmazlığı səbəbindən zəifliklər mövcuddur.
Trend xəbər verir ki, "The Sunday Times" qəzetinin mənbələrinə istinadən yayımladığı məlumata görə, NATO-nun keçirdiyi yoxlamalar nəticəsində kritik infrastruktur və hərbi bazaların müdafiəsi üçün maliyyə ayrılmasının artırılmasının vacibliyi ortaya çıxıb.
“Capability Target 2025” yoxlamasının ilkin hesabatına əsasən, hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsinə təcili ehtiyac duyulur. Xüsusilə, Britaniyanın hazırda ballistik raket əleyhinə yerüstü müdafiə vasitələrinin olmaması narahatlıq doğurur.
Ukrayna və İsraildəki hadisələr bu sistemlərin aktuallığını bir daha gündəmə gətirib. Ekspertlər, ballistik raketlərin silahlı qrupların əlinə keçməsi halında Londona birbaşa təhlükə yaranacağını vurğulayıblar.
Xüsusi diqqət Kiprdəki Akrotiri və Dekeliya Britaniya bazalarına yönəlib. Bu bazalar Yəməndəki husilər və Liviyadakı silahlı qrupların potensial hücumlarına qarşı həssasdır.
Böyük Britaniya hazırda “Sea Viper” sistemləri ilə təchiz edilmiş 45 tipli eskadra minadaşıyan gəmilərinə arxalanır. Lakin ekspertlər bu sistemlərin uzaqmənzilli raketlərdən effektiv müdafiə təmin edə bilmədiyini bildirirlər.
Bundan əlavə, ölkənin mövcud “Sky Sabre” yerüstü sistemləri və “Starstreak” daşınan kompleksləri ballistik raketlərin qarşısını almağa uyğun deyil. Bu isə raket əleyhinə müdafiənin zəifliyini bir daha göstərir.
2030-cu illərdə planlaşdırılan modernləşdirmə ilə vəziyyətin dəyişəcəyi gözlənilsə də, mövcud boşluqlar Krallığın təhlükəsizlik siyasətində təcili tədbirlərin zəruriliyini ortaya qoyur.