Bakı. Trend:
Belçikanın paytaxtı Brüsseldə hökumətin sərt pensiya islahatlarına qarşı ümumilli tətil çərçivəsində keçirilən etiraz aksiyasına 100 mindən çox insan qatılıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin ən iri 3 həmkarlar ittifaqının bəyanatlarında deyilir.
Aksiya iştirakçıları kütləvi yürüşə qırmızı, sarı, göy və yaşıl gödəkçələrdə çıxıblar. Bu rənglər müvafiq həmkarlar ittifaqlarını və ekoloji hərəkatları təmsil edir. Etirazçılar mərkəzi dəmiryolu vağzalından Ədalət sarayına qədər maneəsiz irəliləyiblər. Yerli hökumətin aksiyaya icazə verdiyi deyilir. Şəhərə səfərbər olunmuş polis qüvvələri şəhərin mərkəzi yollarını bağlayıb.
“Biz ədalət tələb etməyə çıxmışıq. Hakimiyyət büdcə iqtisadiyyatı istəyir, amma bunun üçün kasıblardan məcburi qaydada pul yığılır. Bu yolverilməzdir. Varlılardan da pul yığılmalıdır”, - aksiya iştirakçılarından biri söyləyib.
Qeyd edək ki, yanvarın 1-də Belçikada əmək təqaüdü yaşı 65-dən 66-ya qaldırılıb, 2030-cu ilə kimi isə 67 yaşa çatdırılması nəzərdə tutulur. Bundan başqa, sosial müavinət və təqaüdlərlə bağlı 3 milyard avroluq ixtisarların həyata keçiriləcəyi gözlənilir. Belçika hökumətinin bu qərarı dövlət və ictimai sektorun işçilərini hiddətləndirib.