Bakı. Trend:
İstanbulda narkotik maddə istehsalçılarına qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.
Trend-in xəbərinə görə, bununla bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Bildirilib ki, “Narkokapan-7” kod adı ilə keçirilən əməliyyat nəticəsində 11 milyon 225 min ədəd narkotik həb, 1 ton 275 kiloqram qatqı maddəsi, 364 kiloqram ağırlığında boş kapsül, narkotik həblərinin istehsalında istifadə edilən 6 aparat və digər vasitə ələ keçirilib, narkotik maddə istehsalçısı olduğu müəyyən edilən 11 şübhəli saxlanılıb.
Əməliyyat İstanbulun Küçükçekmece Respublika Baş Prokurorluğu ilə Təhlükəsizlik Baş İdarəsinin narkotik cinayətlərlə mübarizə bürosunun koordinasiyasında aparılan araşdırma nəticəsində şəhərin Başakşehir, Fatih və Zeytinburnu rayonlarında icra edilib.
Nazir Yerlikaya, sosial media hesabında əməliyyatlarla bağlı məlumat və görüntüləri paylaşaraq bildirib: “Apardığımız hər bir əməliyyat, ələ keçirdiyimiz hər bir maddə gələcəyimizə sahib çıxma mübarizəsidir”.