Bakı. Trend:
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə dəvət almayıb.
Trend xəbər verir ki, bu barədə Meksika lideri gündəlik mətbuat konfransında məlumat verib.
Şeynbaumdan Trampın andiçmə mərasiminə dəvət alıb-almadığı soruşulduqda, o, “Xeyr, amma eybi yoxdur, eybi yoxdur. Meksikanın ABŞ-dakı səfiri andiçmə mərasimində iştirak edəcək, problem yoxdur” deyə cavab verib.
Xatırladaq ki, noyabrın 25-də Donald Tramp vəzifəyə başladığı ilk gündən etibarən qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gətirilən bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb.
Meksika rəsmiləri bu qərara cavab olaraq, ABŞ-a qarşı eyni tədbirlərin görüləcəyini və ticarət müharibəsinin ABŞ iqtisadiyyatı üçün mənfi nəticələrə səbəb olacağını bəyan ediblər.