Bakı. Trend:
Kuba prezidenti Miqel Diaş-Kanel müxtəlif cinayətlərə görə məhkum edilmiş 553 məhbusun azad edilməsi barədə qərar qəbul edildiyini elan edib.
Trend xəbər verir ki, dövlət başçısı bu barədə özünün X (əvvəlki Twitter) səhifəsində paylaşım edib. “Bizim normal qanunvericilik təcrübəmizə uyğun olaraq, 553 nəfərin azad edilməsi ilə bağlı birtərəfli və suveren qərar qəbul etdik. Bu qərar Vatikan Dövləti ilə sıx əlaqələr və Papa Fransiskin elan etdiyi 2025-ci ilin Yubileyi ruhunda qəbul edilib,” - deyə Diaş-Kanel bildirib.
Kuba Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki, məhbusların azad edilməsi humanitar yanaşmanın davamıdır və Karib respublikasının yurisdiksiya sistemində adi təcrübə hesab olunur. 2023-2024-cü illərdə bu çərçivədə müxtəlif cinayətlərə görə məhkum edilmiş 10 mindən çox şəxs azadlığa buraxılıb.
Qeyd olunur ki, bu addım həm milli qanunvericiliyin humanist dəyərlərini, həm də beynəlxalq əməkdaşlıq ruhunu əks etdirir.