Bakı. Trend:
Seul Qərb Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yolun hərbi vəziyyətlə bağlı qiyam törətmək işi üzrə həbs olunmasına qərar verib.
Trend-in məlumatına görə, bu barədə Yüksək vəzifəli məmurlar üzrə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.
"Yanvarın 19-da təxminən saat 02:50 İdarə şübhəli Yunun [soyadı] tutulması üçün order alıb. Sərəncamın verilməsinə səbəb “sübutların məhv edilməsi təhlükəsi”dir. Qanuna və prosedura uyğun olaraq şübhəli şəxslə bağlı əlavə istintaqın aparılması planlaşdırılır", - deyə bildirilib.
Koreya Respublikası tarixində ilk dəfə olaraq bir prezident 48 saatdan çox saxlanılıb. Yanvarın 15-də həyata keçirilən prezidentin həbsi də ilk dəfə baş verib.