Bakı. Trend:
Türkiyənin ali məhkəməsi 2017-ci ildə İstanbulun gecə klubunda qanlı terror aktı törətmiş şəxsi – Özbəkistan vətəndaşı Əbdülqadir Maşaripovu 40 dəfə ömürlük həbs müddətinə məhkum edib.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, 1 yanvar 2017-ci ildə “Reina” əyləncə mərkəzində törədilən terror hücumunda 39 nəfər həyatını itirmişdi. Terrorçu əvvəl klubun girişində duran polis zabitini qətlə yetirmiş, daha sonra isə avtomatdan izdihama atəş açmağa başlamışdı.
Müttəhimə irəli sürülmüş ittihamlar üzrə ümumilikdə 368 il həbs cəzası kəsilib.
Bundan başqa, ali məhkəmə terrorla əlaqədar həbs olunmuş başqa 31 nəfərin də öncəki həbs qərarlarının qanuni olduğunu təsdiqləyib. Terror aktına görə məsuliyyəti İŞİD terrorçu qruplaşması öz üzərinə götürmüşdü.