Bakı. Trend:
Polşa yeni miqrantları qəbul etməyəcək və Avropa İttifaqının (Aİ) tətbiq etdiyi cərimələri ödəməkdən imtina edəcək.
Trend xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Tomaş Siemonyak RadioZet-ə verdiyi müsahibədə bildirib.
"Biz bircə immiqrantın Polşaya köçürülməsinə və onları qəbul etmədiyimiz üçün cərimələrin ödənilməsinə razı olmayacağıq", - deyə nazir vurğulayıb.
Siemonyak qeyd edib ki, Varşava qaçqınları qəbul etməyəcəyini açıq şəkildə bəyan edir və Aİ-nin miqrasiya paktının qəti əleyhdarıdır. Həmin pakt yalnız Aİ ölkələrinin miqrantlar üçün sığınacaq verməsini nəzərdə tutmur, həmçinin qəbul edilməyən hər bir qaçqın üçün 20 min avro məbləğində cərimə tətbiq edir.