Bakı. Trend:
İsveçdə məktəb yaxınlığında baş verən silahlı insident nəticəsində 10-a yaxın insan həyatını itirib.
Trend xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
“Hadisə nəticəsində 10-a yaxın insan həlak olub. Hazırda şəxsiyyətlərin müəyyənləşdirilməsi üzərində iş aparılır. Qurbanların dəqiq sayı hələlik məlum deyil”, - deyə polis bildirib.
Polis rəsmilərinin keçirdiyi mətbuat konfransında atəş açan şəxsin zərərsizləşdirildiyi və onun tək hərəkət etdiyi qeyd olunub. Hücumçunun motivləri hələlik məlum deyil. Hüquq-mühafizə orqanları insident yerində 5 nəfərin güllə yarası aldığını təsdiqləyib, lakin yaralıların yaşları açıqlanmayıb.
Bəzi İsveç media mənbələri atəş açan şəxsin 35 yaşlı kişi olduğunu və daha əvvəl polisə məlum olmadığını yazıb. Onun odlu silah saxlamaq üçün rəsmi icazəsi olduğu bildirilir.