Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya Federasiyasına qarşı sanksiyaları qənaətbəxş hesab etmir və onların təsir gücünü on ballıq şkala ilə “3” kimi qiymətləndirir.
Trend xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq “The New York Post”a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton Rusiyanın enerji sektoruna qarşı məhdudlaşdırıcı tədbirləri gücləndirməyin mümkünlüyünü nəzərdən keçirir.
“Həqiqətən, sanksiyaları, xüsusilə də bu yaxınlarda (neft hasilatı və ixracatına qarşı yönəlmiş) tətbiq olunmuş məhdudiyyətləri gücləndirmək olar”, - deyə o müsahibədə bildirib.
Kelloqun bildirdiyinə görə, ABŞ-nin Rusiyaya göstərdiyi iqtisadi təzyiq bu vaxta qədər “lazımınca təsirli” olmayıb və Vaşinqtonda Rusiyanın enerji sektoruna qarşı sanksiyaları kəskinləşdirməyin başqa variantları var.