Bakı. Trend:
Sudanın Omdurman şəhərində hərbi təyyarə qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə Sudanın “Alrakoba” qəzeti hərbi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində olan ekipaj üzvləri və bir neçə zabit həlak olub. “Al Arabiya” telekanalının mənbələri bildiriblər ki, qəzanın səbəbi texniki nasazlıq olub.
Təyyarənin Sudan Ordusuna məxsus olduğu və paytaxt Xartumdakı Vadi Seyidna aviabazasından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğradığı qeyd edilir.
Bundan əvvəl Sudanın müxalif Çevik Reaksiya Qüvvələri müstəqil hökumətin yaradıldığını elan edib. Fevralın 23-nə keçən gecə Keniyanın paytaxtı Nayrobidə keçirilən imzalanma mərasimində 20-dən çox siyasi partiya, 10 vətəndaş cəmiyyəti təşkilatı və beş hərbi qrup iştirak edib.
Yeni yaradılan hökumətin ölkənin siyasi həyatına qarışmamaq, vətəndaş müharibəsinə son qoymaq, terrorla mübarizə aparmaq və region ölkələri ilə diplomatik əlaqələri gücləndirmək məqsədi daşıdığı bildirilir.