Bakı. Trend:
Yaponiyanın İvate prefekturasında 1992-ci ildən bəri ən böyük meşə yanğını olduğu güman edilən yanğın artıq beşinci gündür sürətlə yayılmaqda davam edir.
Trend xəbər verir ki, bu, prefektura administrasiyasının məlumatından irəli gəlir.
Martın 3-ü səhər saatlarına olan vəziyyətə əsasən, yanğının sahəsi son 24 saat ərzində daha 300 hektar genişlənərək 2,1 min hektara çatıb.
Hazırda bir nəfərin öldüyü, itkin düşənlərin sayının dəqiqləşdirildiyi bildirilir. Yanğın nəticəsində 90-a yaxın yaşayış və ticarət binası ya tamamilə yanıb, ya da ciddi zədələnib.
Təhlükə səbəbindən təxminən 5 min sakinə təxliyə tövsiyəsi verilib, 1,2 minə yaxın insan artıq təxliyə mərkəzlərinə yerləşdirilib. Bundan əlavə, 1,8 min bina elektrik enerjisiz qalıb.
Yanğının söndürülməsi üçün ölkənin müxtəlif yerlərindən yanğınsöndürənlər, eləcə də Yaponiya Özünümüdafiə Qüvvələri səfərbər edilib.