Bakı. Trend:
Şimali Makedoniyanın Kocani şəhərində keçirilən konsert zamanı baş verən yanğın nəticəsində ölənlərin sayı 59-a çatıb, 155 nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Pançe Toşkovski məlumat verib.
Nazirin sözlərinə görə, dörd nəfər barəsində axtarış elan edilib və İqtisadiyyat Nazirliyində tədbir görülür, oradan sənədləşmə tələb olunub. Hazırda ölənlərin 35-nin şəxsiyyəti müəyyən edilib, yaralılar isə ölkənin müxtəlif xəstəxanalarında müalicə olunur. Açıqlamada, azyaşlıların da iştirak etdiyi konsertdə xidmət edən polis əməkdaşının da həyatını itirdiyi bildirilib.
Şəhər xəstəxanasının rəhbəri Kristina Serafimova, əvvəlki məlumatlara əsasən, yanğın nəticəsində həyatını itirən gənclərin yaşının 14-25 arasında olduğunu açıqlayıb.
XXX
12:57
Şimali Makedoniyanın Koçani şəhərində yerləşən gecə klubunda baş verən yanğın nəticəsində ən azı 50 nəfər həyatını itirib.
Trend-in məlumatına görə, bu barədə ölkənin MİA dövlət agentliyi Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Yanğın, paytaxt Skopyenin təxminən 100 kilometr şərqində yerləşən Koçani şəhərindəki gecə klubunda, şənbə gününü bazar gününə bağlayan gecə saatlarında baş verib.
Hadisə zamanı klubda təxminən 1500 nəfərin iştirak etdiyi bir konsert keçirilirdi.
Yanğının səbəbi hələlik məlum deyil. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.