Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayımlanıb.
Danışıq zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan, Türkiyə və ABŞ-nin yeni dövrdə əməkdaşlığını həmrəy, nəticəyönümlü və səmimi şəkildə irəlilədəcəyinə inandığını vurğulayıb.
Ərdoğan, həmçinin regional və qlobal inkişafların Türkiyə ilə ABŞ arasında məsləhətləşmələrin artırılmasını zəruri etdiyini qeyd edib. O, Prezident Trampın, Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatdırılması üçün qətiyyətli və birbaşa təşəbbüslərini dəstəklədiklərini, Türkiyənin isə müharibənin başladığı gündən bəri ədalətli və davamlı sülh üçün səy göstərdiyini bildirib.
Prezident Ərdoğan, Suriyada sabitliyin bərpası və yeni idarəetmənin funksional hala gətirilməsi məsələlərinə də toxunub. O, Suriyaya tətbiq edilən sanksiyaların qaldırılmasının vacibliyini vurğulayıb və bunun suriyalıların yenidən vətənlərinə qayıtmasına imkan yaradacağını qeyd edib.
Ərdoğan, yeni dövrdə ABŞ-dən terrorla mübarizə sahəsində Türkiyənin maraqlarını nəzərə alacaq yanaşma gözlədiklərini, müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarının sona çatdırılması, F-16 təyyarələri tədarükünün nəticələndirilməsi və F-35 proqramına Türkiyənin yenidən qoşulması məsələlərinin həll edilməsinin vacibliyini bildirib.