Bakı. Trend:
Çərşənbə axşamı axşam saatlarında Rusiyada, Yekaterinburqun mərkəzində, pravoslav kilsəsi yaxınlığında atəş açan şəxs saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.
"2025-ci il martın 18-də axşam saatlarında Yekaterinburq şəhərinin Malışeva küçəsində bir nəfərin pravoslav kilsəsinin yaxınlığında tapançadan atəş açması barədə məlumat daxil olub. Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqi şübhəlinin şəxsiyyətini müəyyən edib. Şübhəli şəxs saxlanılıb, onun evində axtarış aparılır", – məlumatda deyilir.
Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelixin sözlərinə görə, saxlanılan şəxs Altay diyarının Yarovoye şəhərinin sakini olub və o, Yekaterinburqdakı mənzilində heç bir müqavimət göstərmədən tutulub.
Cinayətdə istifadə edilən silahın "MR" markalı travmatik tapança olduğu bildirilib. Hazırda hüquq-mühafizə orqanları hadisə yerindəki müşahidə kameralarından əldə edilən görüntüləri təhlil edir.