Bakı. Trend:
Sudan ordusu Respublika Sarayında üsyançı Çevik Dəstək Qüvvələrinin şəxsi heyətini və texnikasını məhv edərək, onların silahlarını müsadirə edib və Xartumun mərkəzindəki nazirlik binalarına nəzarəti ələ alıb.
Trend xəbər verir ki, Sudan Xəbər Agentliyinə istinadən ordunun komandanlığı bu gün verdiyi bəyanatda Respublika Sarayının azad edilməsini tarixi bir an olaraq qiymətləndirib.
Bəyanatda bildirilir ki, geri çəkilən Çevik Dəstək Qüvvələri “psixoloji və mənəvi cəhətdən çöküb”. Həmçinin, sakinlər Bəhri, Şərqi Nil və Omdurmana geri dönə bilərlər. Xartum hava limanının tezliklə fəaliyyətini bərpa edəcəyi qeyd edilib.
Eyni zamanda, Sudanın təhlükəsizlik qüvvələrinin komandanlığı, geri çəkilməkdə olan üsyançılar tərəfindən Xartumda Prezident Sarayına dron hücumu nəticəsində 3 nəfərin həlak olduğunu və bir neçə şəxsin yaralandığını bildirib. Ölənlərin arasında Sudan Televiziyasının əməkdaşları da var.