Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp, “Tesla” avtomobilləri və avtosalonlarına qarşı baş verən yanğın və digər vandalizm aktlarına dair məlumatlar fonunda, şirkətə hücum edən insanların Salvadorun həbsxanalarına göndərilməsini təklif edib.
Trend-in məlumatına görə, Tramp martın 21-də “Truth Social” platformasında yazdığı paylaşımında, hücumları törədən şəxslərə qarşı sərt tədbirlər görülməsini istədiyini bildirib.
O, qeyd edib ki, bu “terrorçu başkəsənlər”in İlon Mask və “Tesla”ya qarşı etdiklərinə görə 20 il həbs cəzası almalarını səbirsizliklə gözləyir. Həmçinin, bu şəxslərin Salvadorun məşhur həbsxanalarına göndərilməsi ideyasını irəli sürüb.
Trampın siyasi müttəfiqi və “Tesla”nın baş direktoru İlon Mask, eyni zamanda federal xərclərin azaldılması ilə məşğul olan Hökumətin Effektivliyi Departamentinə (DOGE) başçılıq edir. Trampın sözlərinə görə, bu faktorlar “Tesla”nı hücumların hədəfi halına gətirib.