Bakı. Trend:
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüş yekunlaşıb.
Trend xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti danışıqlar zalını tərk edib.
İki saata yaxın davam edən məsləhətləşmələrlə bağlı hələ ki, əlavə məlumat verilməyib. Görüşdə Umerovla yanaşı, Ukrayna prezident aparatı rəhbərinin müavini Pavel Palisa da iştirak edib.
ABŞ nümayəndə heyətinin tərkibində Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Kit Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uolts yer alıb.
Qeyd edək ki, martın 24-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüş keçiriləcək. Rusiya tərəfini Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda təmsil edəcək. Görüşdə Qara dəniz taxıl təşəbbüsünün yenilənməsi məsələsinin müzakirə olunacağı bildirilir.