Bakı. Trend:
Bir qrup çinli seysmoloq Çində və ətraf ərazilərdə güclü zəlzələlərin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Trend-in məlumatına görə, bu barədə "South China Morning Post" qəzeti xəbər verib.
Məlumata əsasən, onlar təxminən 150 il - 1879-cu ildən bu günə qədər - seysmik məlumatları təhlil edib Çində və ətraf bölgələrdə zəlzələlərin baş vermə ehtimalı olan altı əsas dövrü müəyyən ediblər.
Mütəxəssislərin sözlərinə görə, bu dövrlərin hər biri günün uzunluğunun dəyişməsi ilə ölçülən Yerin fırlanma sürətinin dəyişməsi ilə və müvafiq olaraq tektonik gərginliyin yenidən qurulması ilə əlaqələndirilir.
Bildirilib ki, bölgə hazırda yeni seysmik aktiv dövrün yaranma mərhələsinə daxil ola bilər.