Bakı. Trend:
Gürcüstanda hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası qrantlar haqda qanuna dəyişiklik edilməsi ilə bağlı parlamentdə təşəbbüs irəli sürüb. Qanun layihəsinə görə, ölkədə fəaliyyət göstərən Gürcüstan vətəndaşı və ya təşkilat hakimiyyətin ilkin razılığı olmadan xaricdən qaynaqlanan maliyyə vəsaitlərini əldə edə bilməyəcək.
Trend xəbər verir ki, bu haqda “Gürcüstan arzusu” fraksiyası sədrinin birinci müavini İrakli Kirtzxaliya jurnalistlər üçün keçirilən brifinqdə danışıb.
“Qrant mahiyyət etibarilə onu qəbul edənə təmənnasız şəkildə verilən və dövlətin suverenliyi ilə təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş bir vəsait olduğuna görə, Gürcüstan hökumətinin və ya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya orqanın razılığını tələb edən qaydanın tətbiqi vacibdir ki, xarici qüvvələr ölkəmizdə Molotov kokteyli atılmasını “romantikləşdirən” kampaniyaları, zorakı aksiyaları və ya digər dağıdıcı fəaliyyətləri maliyyələşdirə bilməsinlər”, – deyə o bildirib.
Siyasətçi vurğulayıb ki, qrantların verilməsi ilə bağlı yeni qayda xaricdə təhsil və ya elmi fəaliyyət üçün ayrılan vəsaitlərə, eləcə də, idman assosiasiyalarına şamil olunmayacaq.
Qanuna dəyişikliyin qısa müddət ərzində qəbul olunması planlaşdırılır.