Bakı. Trend:
Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqını (XDİ/XSİ) birləşdirən konservativ blok ilə Almaniya Sosial Demokrat Partiyası (ASDP) arasında koalisiya hökumətinin formalaşdırılması ilə bağlı razılıq əldə olunub.
Trend-in məlumatına görə, bu barədə NTV telekanalı danışıqlara yaxın mənbələrə istinadla xəbər yayıb.
Mənbələrin bildirdiyinə görə, tərəflər koalisiya razılaşmasında fikir ayrılığına səbəb olan əsas məsələlər üzrə prinsipial anlaşmaya nail olublar. “İndi yalnız sənədin texniki detalları üzərində iş qalır”, – deyə qeyd olunub.
Koalisiya danışıqlarının nəticələri barədə çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da ictimaiyyətə rəsmi açıqlama verilməsi planlaşdırılır.
Xatırladaq ki, Almaniyada 23 fevral tarixində keçirilmiş növbədənkənar Bundestaq seçkilərində XDİ/XSİ bloku 28,5 faiz səslə qalib gəlib. “Almaniya üçün Alternativ” partiyası isə tarixində ilk dəfə ikinci yerə çıxaraq 20,8 faiz səs toplayıb. ASDP isə 16,4 faiz səslə üçüncü olub. Seçkilərdə həmçinin “Yaşıllar” 11,6 faiz, Sol partiya isə 8,8 faiz səs əldə edib.